“17 Noyabr Azərbaycan xalqının milli oyanışının və azadlıq mübarizəsinin başlanğıcıdır” - DEPUTAT

“17 Noyabr Azərbaycan xalqının milli oyanışının və azadlıq mübarizəsinin başlanğıcıdır” - DEPUTAT

"17 Noyabr Azərbaycan xalqının milli oyanışının, milli dirçəlişinin və milli azadlıq hərəkatının başlanğıcı kimi tariximizdə xüsusi əhəmiyyətə malikdir. Məhz 1988-ci il noyabrın 17-də xalq o vaxtkı Lenin meydanına – indiki Azadlıq meydanına toplaşaraq erməni separatizminə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, eləcə də SSRİ rəhbərliyinin milli ayrı-seçkilik və ikili standartlara əsaslanan, ermənipərəst siyasətinə qarşı öz etirazını və qətiyyətli mövqeyini nümayiş etdirdi".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, həmin gündən etibarən Azərbaycanda mitinqlər uzunmüddətli xarakter aldı, ölkənin müxtəlif bölgələrində insanlar öz etiraz səslərini ucaltmağa başladılar:

"Bu, eyni zamanda, milli birliyin və həmrəyliyin təntənəsi, xalqın öz milli kimliyini dərk etməsinin, azadlıq və müstəqillik arzularının güclənməsinin bariz ifadəsi idi.

Həmin dövrdə Azərbaycanın tanınmış ziyalıları, alimləri, şair və yazıçıları xalqı birliyə, həmrəyliyə, milli səfərbərliyə və torpaqlarımıza qarşı yönəlmiş erməni işğalçılıq siyasətinə müqavimət göstərməyə çağırırdılar. Təəssüf ki, o zaman ölkə rəhbərliyində təmsil olunan şəxslər xalqın milli azadlıq arzusuna dəstək vermədilər. Əksinə, xalqın iradəsinin əleyhinə olaraq Moskvanın mövqeyini müdafiə etdilər.

Sonrakı mərhələdə də milli azadlıq hərəkatının qarşısını almaq üçün müxtəlif təzyiq və zorakılıq üsullarından istifadə edildi. Mitinqlər dağıdıldı, ölkədə fövqəladə vəziyyət elan edildi. Lakin bütün bunlar xalqın azadlıq istəyini və müstəqillik əzmini sındıra bilmədi. 17 Noyabr hadisələri Azərbaycan xalqını dünyaya öz azadlığını sevən, milli iradəsinə sahib çıxan və torpaqlarını müdafiə etməyə hazır olan xalq kimi tanıtdı.

Həmin mitinqlərin mühüm əhəmiyyət daşıyan məqamlarından biri də xalqın ölkəni mövcud böhrandan çıxara biləcək siyasi liderə ehtiyacını açıq şəkildə ifadə etməsi idi. Mitinqlərdə ümummilli lider Heydər Əliyevin adı səsləndirilir, onun portretləri qaldırılırdı. İnsanların böyük əksəriyyətində belə bir inam var idi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik edərsə, ölkənin üzləşdiyi çətinlikləri aradan qaldıra, xalqı bu ağır vəziyyətdən xilas edə bilər.

Təəssüf ki, o zaman həm SSRİ rəhbərliyi, həm də Azərbaycanın siyasi rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin ölkəyə qayıdışına və rəhbərliyə gəlməsinə maneələr yaratdılar. Halbuki Heydər Əliyev böyük dövlətçilik təcrübəsinə, zəngin siyasi biliyə və beynəlxalq səviyyədə tanınan dövlət xadimi nüfuzuna malik idi. Onun potensialından vaxtında və düzgün istifadə edilməsi Azərbaycanın gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıya bilərdi.

Nəhayət, Milli Dirçəliş Günündən beş il sonra, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi və iradəsi ilə Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı. Bu hadisə sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ümummilli liderin hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi ağır bir dövrdə ölkənin xilasına və dövlətçiliyimizin qorunmasına mühüm töhfə verdi.

Ancaq həmin beş il ərzində Azərbaycan çox ağır itkilərlə üzləşdi. Torpaqlarımız işğal edildi, minlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Şəhidlər verdik, qazilərimiz və yaralılarımız oldu, xalqımız böyük faciələr yaşadı. Hesab edirəm ki, əgər o zaman xalqın iradəsinə və istəyinə maneələr yaradılmasaydı, Heydər Əliyevin zəngin siyasi təcrübəsindən vaxtında istifadə edilsəydi, bəlkə də Azərbaycanın sonrakı taleyi fərqli olardı. Ölkəmizin inkişafı daha sürətli gedə, torpaq itkilərinin və insan tələfatının miqyası daha az ola bilərdi.

Bütün bunlara baxmayaraq, 17 Noyabr Azərbaycan xalqının tarixində şərəfli və unudulmaz bir gündür. Bu tarix xalqımızın milli özünüdərkinin güclənməsini, azadlıq iradəsinin formalaşmasını, milli birliyini və müstəqillik uğrunda mübarizəyə qalxmasını təcəssüm etdirir. Milli Dirçəliş Günü bizə bir daha xatırladır ki, xalqın birliyi, milli iradəsi və dövlətçilik düşüncəsi hər bir dövlətin gələcəyini müəyyən edən ən mühüm amillərdəndir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə