Üzük falı və bayram rituallarının İslamda yeri varmı? - SOSİOLOQ DANIŞDI

Üzük falı və bayram rituallarının İslamda yeri varmı? - SOSİOLOQ DANIŞDI

"Tarixin müxtəlif dövrlərində insanların inanc və etimadından sui-istifadə edərək müxtəlif üsullarla fala baxan şəxslər tanınıb. Onlar insanların savadsızlığından və məlumatsızlığından istifadə edərək “bəxtini açacağam”, “rəqibini sənin qarşında aciz vəziyyətə salacağam” kimi vədlər verir, asan yolla varlanmağa çalışırdılar. Həm İslam, həm də xristian dinində falçılıq, bəddua və xoşdua ilə bağlı müəyyən qadağalar mövcuddur".

Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu qadağalar insanların inancından sui-istifadə edən şəxslərin qarşısında bir növ sədd yaradırdı. Lakin hər kəs bu qadağalara əməl etmirdi. Buna görə də istər qədim dövrlərdə, istərsə də orta əsrlərdə fala baxanlar, cadu ilə məşğul olanlar, qara və hətta ağ magiya ilə məşğul olan şəxslər təqib olunublar. Onların bir çoxu, xüsusilə orta əsrlərdə Avropada tonqallarda yandırılıb. Azərbaycanda da falçılıqla bağlı müxtəlif fikirlər mövcuddur. Bir çox sənət əsərlərimizdə, rəvayətlərimizdə, nağıllarımızda, dastanlarımızda və filmlərimizdə fala baxanlara, falçılığa dair epizodlara rast gəlirik:

"Əlbəttə, ilkin dövrlərdə, psixologiya, psixoanaliz və insan psixologiyası, mənəviyyatı ilə bağlı elmlər hələ inkişaf etmədiyi vaxtlarda insanların fala inanmasını müəyyən qədər başa düşmək olardı. Lakin elmin, təbabətin və psixologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə hələ də üzük falına, noxud falına və digər fal növlərinə baxılması, müxtəlif bayram rituallarında bunlardan istifadə edilməsi gülünc görünür. Qəbul etmək lazımdır ki, falçılığın ilkin formalarının meydana çıxdığı dövrlərdə müasir psixoloqları, psixoterapevtləri, hətta psixoanalitikləri əvəz edə biləcək müəyyən üsullardan istifadə olunurdu.

Ümumiyyətlə, bilirsiniz ki, beyin motivasiyası deyilən bir anlayış var. Bu yanaşmaya görə, insanlar nəyi düşünür, beyinlərində nəyi canlandırırlarsa, düşüncələri onları həmin istiqamətə yönəldir. Bu, artıq elmi araşdırmalarla da müəyyən dərəcədə təsdiqlənib. Falçılar da fal və müxtəlif fal növləri ilə məşğul olan şəxslər də həmin dövrlərdə bunu şüurlu və ya qeyri-şüurlu şəkildə hiss edib, dərk edərək müəyyən sirlərə vaqif olublar. Məhz bu səbəbdən insanlardan üzük, noxud və digər fallar vasitəsilə pul toplamağı bacarıblar. Lakin astrologiya, astronomiya və digər elmlər inkişaf etdikcə insanlar, xüsusilə də onların böyük bir hissəsi falçıların bu fırıldaqlarından xəbərdar olmağa başlayıb. Nəticədə, onların sayı getdikcə azalıb.

Bu gün isə müxtəlif bayram rituallarında və mərasimlərində üzük falı və digər fal növlərindən sadəcə teatrlaşdırılmış, qədimdən gələn ənənələr kimi istifadə olunur. Məsələn, ilaxır çərşənbələrdə, xüsusilə də sonuncu ilaxır çərşənbədə və Novruz bayramı ərəfəsində qızların fala baxması, bəxtlərini yoxlaması, gələcək həyatları haqqında əvvəlcədən məlumat almağa çalışması kimi müxtəlif tamaşavari, oyun xarakterli yığıncaqlar artıq falçılıq mərasimləri deyil, bayramın ritualları kimi qəbul edilir.

Təhsilin və elmin inkişaf etdiyi, müxtəlif sirlərin açıldığı bir dövrdə fala baxanlar da, fala inananlar da öz intellekt səviyyələrini sorğulamalıdırlar. Çünki dünya süni intellekt, nanotexnologiyalar və kosmos sahələrində elmi nailiyyətlər əldə edir, biz isə hələ də heç bir iş görmədən, oxumadan, təhsil almadan və karyera qurmadan fala baxdırmaqla bəxtimizi açmağa, varlanmağa çalışırıq. İnsanlar ağ atlı şahzadə gözləmək əvəzinə, bu gün bahalı avtomobili olan bir şəxslə evlənmək, yaxud varlı və vəzifəli ailədən olan, gözəl bir qızla ailə qurmaq arzusu ilə yaşayırlar. Məhz bu yanaşma ən böyük problemlərdən biridir. Hesab edirəm ki, fala baxdırmaq həm də tənbəlliyin əlamətidir və bu meyil getdikcə daha da azalmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə