Fənlərin sayının azaldılması abituriyentlərin hazırlıq yükünü yüngülləşdirə bilərmi? - EKSPERT AÇIQLADI

Fənlərin sayının azaldılması abituriyentlərin hazırlıq yükünü yüngülləşdirə bilərmi? - EKSPERT AÇIQLADI

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında fənlərin sayının azaldılması və beynəlxalq imtahan nəticələri ilə universitetlərə qəbul imkanlarının genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib. Mövcud qəbul modelində abituriyentlərin bir neçə fənn üzrə paralel hazırlaşması həm vaxt itkisinə, həm də ailələrin üzərinə əlavə maddi yükün düşməsinə səbəb olur. Bəs qəbul sistemində hansı dəyişikliklər mümkündür? Fənlərin sayının azaldılması abituriyentlərin hazırlıq yükünü yüngülləşdirə bilərmi?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişikliklərin yaxın bir neçə ildə gözlənildiyini demək olar:

"Bunu yalnız onunla proqnozlaşdırmaq mümkündür ki, adətən qəbul qaydalarında hər hansı dəyişiklik və ya yenilik ediləcəyi zaman bu barədə əvvəlcədən məlumat verilir. Dövri mətbuatda, sosial şəbəkələrdə, Dövlət İmtahan Mərkəzinin, Elm və Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların sosial şəbəkə resurslarında məsələ ilə bağlı geniş məlumatlar paylaşılır. Ancaq görünən odur ki, Azərbaycanda ali təhsil müəssisələrinə növbəti qəbul zamanı baş verə biləcək dəyişikliklərlə bağlı artıq Dövlət İmtahan Mərkəzi müəyyən anonslar verib.

Nəinki anons edib, hətta bəzi məsələləri artıq rəsmiləşdirib. Məsələn, bundan sonrakı qəbul prosesində həm magistratura, həm də bakalavriat səviyyəsində xarici dil üzrə dinləmə və danışma imtahanlarının keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar imtahan müddətinin bir neçə dəqiqə artırılması ilə bağlı artıq vahid qərara gəlinib.

Çox təəssüf edirəm ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydaları Türkiyə modelinə uyğunlaşdırılsa da, zamanında və bu günə qədər hər hansı əsaslı yenilik edilməyib. Sadəcə olaraq bəzi əlavələr olunub ki, həmin əlavələr də müəyyən qədər abituriyentlər üçün problem yaradır.

Məsələn, açıq tipli sualların yoxlanılması, magistratura imtahanlarında şərtlərin bir qədər ağır olması və s. Bilirsiniz ki, magistratura imtahanlarında da müəyyən problemlər var. Lakin bu, başqa mövzudur. Məhz ali təhsil müəssisələrinə qəbul üzrə mövcud modeldə yaxın vaxtlarda hər hansı dəyişikliyin olacağını düşünmürəm.

Dünyanın bəzi dövlətlərində ali təhsil müəssisələrinə qəbul buraxılış imtahanının nəticələri əsasında həyata keçirilir. Azərbaycanda isə bu model mərhələlidir, yəni iki pilləlidir. Belə ki, buraxılış imtahanında maksimum 300 bal toplamaq mümkündür. Bundan sonrakı mərhələdə isə ali təhsil müəssisələrinə qəbul üçün keçirdiyimiz blok imtahanında toplanan ballar da nəzərə alınır. Hər iki imtahanın nəticəsi birgə hesablanır və abituriyentlərə qruplar üzrə ixtisas seçimi etmək imkanı yaradılır.

Bizdən başqa dünyanın heç bir yerində qruplar üzrə bu cür ixtisas seçimi modeli yoxdur. Bu modelin necə işləməsi gələcəkdə əmək bazarında da özünü göstərəcək. Yaxşı olardı ki, bu kimi məsələlər əmək bazarının tələbləri nəzərə alınmaqla tənzimlənsin.

Məsələn, hazırkı Azərbaycan modelində hər kəs yalnız topladığı bala uyğun ixtisas seçə bilir. Yəni arzuya, ixtisasa və qabiliyyətə görə seçim imkanları məhduddur.

Fənlərin sayının azaldılması məsələsinə gəlincə, çox yaxşı olardı ki, bu, buraxılış imtahanının nəticələri əsasında müəyyənləşdirilsin. Belə olduğu halda, qəbul imtahanında fənlərin sayının azaldılmasına da ehtiyac qalmaz.

Qəbul nəticələrinə əsasən, ali təhsil müəssisələrinə də müəyyən imkan və hüquqlar tanınmalıdır ki, onlar özləri təqaüd proqramları həyata keçirməklə müəyyən potensiala malik gəncləri, yəni abituriyentləri seçmək imkanına malik olsunlar".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə