Şagird və müəllimlər üçün yeni süni intellekt platforması istifadəyə verilib

Şagird və müəllimlər üçün yeni süni intellekt platforması istifadəyə verilib

Elm və Təhsil Nazirliyi ilə Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığı çərçivəsində “Neyron.ai” platforması “Rəqəmsal məktəb” platformasına inteqrasiya olunub.

Nazirlikdən SİA-ya bildirilib ki, Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanan “Neyron.ai” interaktiv süni intellekt öyrənmə platformasıdır. Platforma şagird və müəllimlərin istifadəsinə ödənişsiz təqdim edilir.

“Neyron.ai” şagirdlərə süni intellektin əsas prinsipləri, iş mexanizmləri və gündəlik həyatda tətbiq imkanları barədə biliklər əldə etmək imkanı yaradır. Yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan tədris materialları praktiki tapşırıqlar və oyun əsaslı öyrənmə elementləri ilə zənginləşdirilib. Bu yanaşma şagirdlərin yeni biliklər əldə etməsinə və onları praktikada tətbiq etməsinə şərait yaradır.

Müəllimlər isə platformadan süni intellekt sahəsində biliklərini genişləndirmək, bu texnologiyaların tədrisdə tətbiqi imkanları ilə tanış olmaq və dərs materiallarının hazırlanmasında yararlanmaq imkanı əldə edirlər.

Platformadan istifadə etmək istəyən şagird və müəllimlər “Rəqəmsal məktəb”də şəxsi kabinetlərinin “Tətbiqlər” bölməsinə daxil olaraq “Neyron AI” bölməsini seçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə