“2027-ci ildə sosial yönümlü xərclər 18,7 milyard manat olacaq“ -HİMALAY MƏMİŞOV
2027-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial yönümlü xərclərin 18,7 milyard manat təşkil etməsi nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin 44,2 faizinə bərabərdir.
SİA xəbər verir ki, bu sözləri maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin üç komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, sosial yönümlü xərclər cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz artırılacaq. Bu vəsait əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil, səhiyyə və sosial təminat sahələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Himalay Məmişovun sözlərinə görə, növbəti il təhsil və elm sahələrinə 5,4 milyard manat vəsait ayrılacaq. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 538 milyon manat və ya 11,2 faiz çoxdur.
O qeyd edib ki, səhiyyə xərcləri 2,1 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri isə 4,9 milyard manat həcmində proqnozlaşdırılır. İcbari tibbi sığorta fondu və dövlət büdcəsi hesabına səhiyyəyə ayrılan ümumi vəsaitin 4 milyard manata çatacağı gözlənilir.
Nazir müavini ailə, qadın və uşaq məsələlərinə də diqqət çəkib. Bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xərcləri üçün növbəti ildə 4,7 milyon manat vəsait nəzərdə tutulub.
Bu vəsait məişət zorakılığına məruz qalmış şəxslərə, insan alveri qurbanlarına, erkən nikah hallarının qarşısının alınmasına, sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə sosial-psixoloji və psixopedaqoji dəstəyin göstərilməsinə yönəldiləcək.
Himalay Məmişov əlavə edib ki, sosial təminat sahəsində də artım nəzərdə tutulur. Belə ki, icmal sosial təminat xərclərinin 12,9 milyard manat olacağı proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricisi ilə müqayisədə 2,2 milyard manat və ya 21 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB