Ana ilə atanın boşanması uşağa necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

Ana ilə atanın boşanması uşağa necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

Boşanma valideynlərin münasibətinə son qoysa da, onların övlad qarşısındakı məsuliyyəti bitmir. Xüsusilə alimentin ödənilməməsi, uşağın maddi təminatı ilə bağlı mübahisələrin davam etməsi və valideynlərin bir-birini övladının yanında günahlandırması uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər.

Bəs belə vəziyyətdə uşaq özünü necə hiss edir və valideynlər arasında davam edən konflikt onun gələcək psixoloji inkişafında hansı problemlərə yol aça bilər?

Mövzu ilə bağlı SİA-ya danışan psixoloq Dilruba Həsənova bildirib ki, uşağın psixologiyasına əsas təsir edən amil valideynlərin boşanması deyil, boşanmadan sonrakı mühitdir:

“Ümumiyyətlə, boşanma prosesinin özü uşağın psixologiyasına təsir göstərə bilər. Lakin burada əsas məsələ valideynlərin boşanması deyil. Əsas məsələ boşanmadan sonra uşağın hansı mühitdə böyüməsi və valideynlərin ona münasibətidir.

Çox hallarda valideynlər boşandıqdan sonra uşaqdan bir-birinə qarşı vasitə kimi istifadə edirlər. Bu isə uşağın psixologiyasında ciddi travmalara səbəb ola bilər.

Əgər valideynlər boşandıqdan sonra da davamlı mübahisə edir, aliment, pul və uşağın təminatı ilə bağlı konflikt yaşayır və övladı da bu mübahisələrin içində saxlayırlarsa, bu, ona ciddi təsir göstərir.

Uşaq belə vəziyyətdə özünü güvəndə hiss etmir, narahat olur. Bəzən özünü günahkar da hesab edə bilər. Onun beynində “Mənə görə mübahisə edirlər”, “Mən probleməm”, “Atam və ya anam məni istəmir” kimi düşüncələr yarana bilər”.

Psixoloqun sözlərinə görə, aliment məsələsi də uşağın gözündə yalnız maddi problem kimi qəbul edilmir. Uşaq bunu valideyninin ona münasibəti kimi qiymətləndirə bilər:

“Xüsusilə uşaq öz ehtiyaclarının qarşılanmadığını görürsə, özünü dəyərsiz hiss edə bilər. Azərbaycan ailələrində bu məsələ daha həssasdır. Çünki boşanmadan sonra çox vaxt tərəflər bir-biri haqqında uşağın yanında danışırlar.

Uşaq isə istər-istəməz bu söhbətlərin içində qalır. Bir tərəfdən anasını, digər tərəfdən atasını sevir. Lakin valideynlərdən biri haqqında digərinin yanında mənfi danışıldıqda uşaq daxildə seçim etməyə məcbur olur. Uşağa ən çox zərər verən məsələlərdən biri də budur. Uşaq valideynlərdən birinin tərəfini tutmağa məcbur edilməməlidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə