“İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı Azərbaycanın Avropa siyasi məkanında artan rolunun və beynəlxalq dialoq proseslərində fəal iştirakının diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, təxminən 50 dövlət və hökumət başçısını bir araya gətirən bu platforma Avropanın təhlükəsizlik, iqtisadi dayanıqlılıq, enerji təminatı və nəqliyyat-kommunikasiya əlaqələri kimi aktual məsələlərinin müzakirəsi üçün geniş siyasi imkanlar yaradır:
” Azərbaycanın bu toplantıda iştirakı isə təkcə mövcud diplomatik əlaqələrin davam etdirilməsi deyil, həm də 2028-ci ildə Bakıda keçiriləcək növbəti mərhələyə hazırlıq kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Avropa Siyasi Birliyinin əsas xüsusiyyəti onun Avropa İttifaqının institusional çərçivəsindən kənara çıxaraq, müxtəlif siyasi və iqtisadi mövqelərə malik dövlətləri vahid dialoq platformasında birləşdirməsidir. 2022-ci ildə yaradılmış bu format məcburi qərarlar qəbul edən təşkilat olmasa da, dövlətlər arasında siyasi təmasların intensivləşdirilməsinə və ortaq problemlərin müzakirəsinə xidmət edən bir mexanizm rolunda çıxış edir. Məhz bu xüsusiyyət Azərbaycanın Avropa ilə münasibətlərində xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Avropa İttifaqına üzv olmadan da qitənin siyasi gündəliyinin formalaşmasında iştirak etmək, öz milli maraqlarını təqdim etmək və regional məsələlər üzrə mövqeyini birbaşa tərəfdaşlarına çatdırmaq imkanına malikdir.
Azərbaycanın bu platformadakı mövqeyini gücləndirən əsas amillərdən biri onun Avropanın enerji təhlükəsizliyinə və qitələrarası nəqliyyat əlaqələrinin inkişafına verdiyi töhfədir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrinin şaxələndirilməsinə marağının artması Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldib. Bununla yanaşı, Orta Dəhlizin inkişafı, Xəzər hövzəsi ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və yaşıl enerji layihələri Bakı ilə Avropa paytaxtları arasında əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri zamanı qəbul edilmiş birgə bəyanat da bu əməkdaşlığın enerji, təhlükəsizlik, nəqliyyat və iqtisadiyyat sahələrini əhatə etdiyini təsdiqləyir.
Digər mühüm istiqamət Azərbaycanın regionda davamlı sülhün təmin olunmasına yönəlmiş diplomatik səyləridir. Ermənistanla münasibətlərin normallaşdırılması prosesi, regional kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi Avropanın Cənubi Qafqaz siyasəti baxımından da əhəmiyyətlidir. May ayında Bakıda keçirilmiş Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqunun formatının genişləndirilərək Siyasi və Təhlükəsizlik Dialoqu adlandırılması tərəflər arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən konkret addımdır.
Dublin toplantısının əhəmiyyətini artıran əsas məqamlardan biri də 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına Azərbaycanın ev sahibliyi edəcək olmasıdır. Bu perspektiv ölkəmizə təkcə yüksək səviyyəli beynəlxalq tədbir təşkil etmək deyil, həm də Avropanın gələcək siyasi gündəliyinə töhfə vermək, müxtəlif geosiyasi maraqları dialoq müstəvisində uzlaşdırmaq üçün əlavə imkanlar yaradır.
Beləliklə, Dublindən Bakıya uzanan diplomatik proses Azərbaycanın Avropa ilə münasibətlərinin daha geniş siyasi, iqtisadi və təhlükəsizlik gündəliyi əsasında inkişaf etdiyini nümayiş etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB