"ABŞ-İran qarşıdurması Yaxın Şərqdə təhlükəsizlik yanaşmalarını dəyişir" - ŞƏRH EDİLDİ
"İranla bağlı müzakirələrin növbəti mərhələsinin başlaması ehtimalı artdıqca, Yaxın Şərqdə təhlükəsizlik arxitekturasına yenidən baxılması zərurəti də gündəmə gəlir. Gözlənilən yeni zərbələrin əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənəcəyi ehtimal olunur. ABŞ-da İran problemini məhdud və ciddi fəsadlar yaratmayacaq zərbələrlə həll etməyin mümkün olmadığı qənaəti güclənir. Bunun səbəblərindən biri əvvəlki təcrübənin bu yanaşmanın nəticə vermədiyini göstərməsidir. Eyni zamanda, ABŞ daxilində də müəyyən gərginliklər müşahidə olunur".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, bu çaxnaşmalar ciddi risklər ehtiva etmir:
"Ən uzağı, hakimiyyətin dinc yolla dəyişməsi məsələsi gündəmə gələ bilər. Artıq respublikaçılar Senatda və Nümayəndələr Palatasında üstünlüyü əldən veriblər. İki ildən sonra keçiriləcək prezident seçkilərində də bu üstünlüyü itirə bilərlər və bununla da həmin qarşıdurma dinc yolla başa çata bilər. Amma istənilən halda, indi respublikaçılar əllərində olan son imkanlardan istifadə etməklə İran məsələsini tam həll etməyə və nəticə etibarilə partiya üstünlüklərini qorumağa, yenidən prezident seçkilərində qalib gəlməyə çalışırlar. Ona görə də hazırda onlar üçün ən vacib məsələ İran problemini çox qısa müddətdə həll etmək və partiyanın sarsılmış imicini yenidən bərpa etməkdən ibarətdir.
Ancaq bu, o demək deyil ki, ABŞ nizamsız, hesabsız və necə gəldi İrana zərbələr endirəcək, regionu qan gölünə çevirəcək. Xeyr, çünki bu, əks effekt verə bilər və ABŞ-ın özünün, eləcə də bölgədəki müttəfiqlərinin hərbi varlığı ciddi risk altına düşə bilər. Çünki İranın uzaqmənzilli raket texnologiyalarının son inkişafı artıq bütün dünyaya bəllidir. Rusiya və Çindən müharibədən əvvəlki dövrlə müqayisədə daha çox dəstək almaqla yeni texnologiyalar üzərində işləyirlər. Eyni zamanda, raket texnologiyalarını və digər strateji hərbi-texnoloji inkişaf istiqamətlərini yeraltı bazalara köçürməklə təhlükəsizliklərini daha da gücləndiriblər ki, uzunmüddətli qarşıdurmalara tab gətirə bilsinlər. Məhz buna görə də ABŞ bu amili nəzərə alaraq regionun aktorlarını, yəni həm bölgədəki müttəfiqlərini, həm də bölgədən kənarda olub ona təsir göstərən tərəfdaşlarını prosesə cəlb etmək üzərində işləyir.
Bu, təbii ki, İran tərəfinin də gördüyü və anladığı reallıqdır. Buna görə də artıq Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının yenidən qurulması məsələsi gündəmə gəlir. Fikir verirsinizsə, ABŞ əvvəllər bölgədəki müttəfiqlərinə təhlükəsizlik zəmanəti vəd edir və bunu reallaşdıra bilirdi. Ancaq bu gün ABŞ-ın bölgədəki müttəfiqlərinə vəd etdiyi təhlükəsizlik zəmanətindən daha çox müharibə riski ilə üzləşirlər. Çünki İran ilk olaraq Körfəz ölkələrini - Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini, Küveyti, İordaniyanı hədəfə almağa başladı. İraqdakı ABŞ-ın dəstəklədiyi qruplara da zərbələr endirildi və sair. Bu siyahını daha da uzatmaq olar.
Bu, onu göstərir ki, artıq həmin ölkələrin özləri də yeni təhlükəsizlik arxitekturasına ehtiyac duyurlar. Onlar başa düşürlər ki, ABŞ ilə İran arasında mümkün müharibə zamanı yenə də ilk hədəflər özləri olacaqlar. Məhz bu fakt ABŞ-dan tam mənada uzaqlaşma ilə nəticələnməsə də, həmin ölkələri özləri üçün yeni təhlükəsizlik qarantorları axtarmağa sövq edib. Məsələn, Mərkəz sazişinin imzalanması da bu reallıqdan doğan bir nəticə idi. Səudiyyə Ərəbistanı hesab edirdi ki, ABŞ-la yaşanan mövcud qarşıdurma fonunda İranın hədəfindən maksimum dərəcədə sığortalanmaq üçün İrana daha yaxın olan ölkələrlə - Türkiyə və Pakistanla hərbi-siyasi əlaqələri genişləndirmək onu bir növ İranın hədəfindən yayındıra və ya aqressiyanı azalda bilər.
Üstəlik, Səudiyyə Ərəbistanının bu addımı ilə bir növ ABŞ-a onu müharibəyə sürükləmək cəhdlərinə son qoymağa yönəlmiş xarici siyasət xətti yeritdiyini desək, yanılmarıq. Əlbəttə ki, dövlətlərarası müqavilələri, müttəfiqlik əlaqələrini və sair münasibətləri birdən-birə bitirmək qeyri-mümkündür. Səudiyyə Ərəbistanı bunu etsə, daha ciddi zərərlərlə üzləşə bilər. Ancaq o, yeni təhlükəsizlik qarantorları vasitəsilə və öz təhlükəsizliyini təmin etmək üçün atdığı yeni xarici siyasət addımları ilə bir növ ABŞ-ın da bu ölkəni qurban seçməsinin qarşısını almağa çalışır.
Yaxın zamanda gözlənilir ki, digər Körfəz ölkələri və elə İranın özü də yeni əməkdaşlıqlar quracaq, yeni təhlükəsizlik zəmanətləri axtarışına başlayacaqlar. Bu, Mərkəz sazişi çərçivəsində və ya fərqli platformalar, ikitərəfli və çoxtərəfli müqavilələr vasitəsilə həyata keçirilə bilər.
Azərbaycana və Cənubi Qafqaza gəldikdə isə, Azərbaycanın balanslaşdırılmış xarici siyasət xətti var və bu, hər kəsə bəllidir. İran da, ABŞ da, münaqişəyə cəlb olunan və cəlb olunma potensialı olan digər tərəflər də çox yaxşı anlayırlar ki, belə bir məqamda Azərbaycana qarşı hansısa addım atmaq, əksinə, onların özünə zərər verə bilər. Niyə? Çünki faktiki olaraq Azərbaycan təkcə sözlərlə deyil, əməldə də bitərəflik nümayiş etdirir. Münaqişə edən tərəflərin heç biri ilə hərbi-siyasi yaxınlaşma qurmur. Qurulan hərbi-siyasi əlaqələr də ikinci və ya üçüncü tərəflərə qarşı planlaşdırılan əlaqələr deyil. Yəni biz İranla hərbi və ya siyasi-iqtisadi əməkdaşlıq ediriksə, bu, ABŞ-a zərbə vurmaq üçün deyil, Azərbaycanın öz maraqları naminə atılmış və üçüncü tərəfə qarşı yönəlməyən bir addımdır. Eyni şəkildə, ABŞ-la, İsraillə və yaxud hansısa başqa ölkə ilə hərbi-siyasi və iqtisadi sahələrdə qurduğumuz əlaqələrin də hədəfində başqa bir üçüncü ölkə yoxdur.
Ona görə də kimsə bizdən təhlükə gözləməməlidir. Bu başqa məsələdir ki, özləri də bizə təhlükə yaratmamalıdırlar. Ancaq əlbəttə ki, risklər var. Çünki gözlənilən fəlakətli müharibə ssenarisi reallaşarsa, bundan təkcə Yaxın Şərq, İran və münaqişəyə cəlb olunan tərəflər zərər görməyəcəklər. Sərhədyanı ölkələrdə də bu fəsadlar hiss oluna bilər. Hərbi müdaxilə baş verməsə belə, bütün sərhədyanı ölkələrdə iqtisadi çətinliklər yarana bilər. Çünki müharibə iqtisadi münasibətləri də korlayacaq.
Azərbaycan ən başlıcası, məhz həmin iqtisadi risklərdən sığortalanmaq üçün addımlar atır. Birbaşa Azərbaycana qarşı hansısa hərbi müdaxilə gözlənilmir. Çünki Azərbaycan-Türkiyə müttəfiqliyi bu məsələdə sualın cavabını çox yaxşı verir. Biz heç kimə qarşı müharibə açmırıq və heç kimin də bizə müharibə elan etməsi üçün hər hansı bir şərt və ya problemli situasiya yoxdur. Ona görə də hələlik belə bir risk mövcud deyil. Yaxud da hansısa ölkə yanlış hesablama apararaq Azərbaycana zərbə vurmağa çalışarsa, həmin tərəf üçün bunun nəticələri ikitərəfli münasibətlərə önəm verməsi və Azərbaycanın bitərəflik siyasətini düzgün anlaması ilə müqayisədə daha ağır olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB