Əmək bazarında yarımştat iş rejiminə üstünlük verənlərin sayı və bu iş formasına maraq müxtəlif səbəblərdən artır. Azyaşlı uşağı olan valideynlər, təhsil alan gənclər, əlavə işlə məşğul olmaq istəyənlər və şəxsi vaxtını daha səmərəli bölüşdürməyə çalışanlar üçün natamam iş vaxtı əlverişli seçim hesab olunur. Lakin bu iş rejimi ilə bağlı əməkhaqqının hesablanması, məzuniyyət hüququ və digər sosial təminatlar bəzən suallar yaradır. Xüsusilə iş saatı az olan şəxslərə əməkhaqqının hansı prinsiplə hesablanmalı olduğu və onların tamştat çalışanlarla eyni əmək hüquqlarına malik olub-olmadığı maraq doğurur.
SİA mövzu ilə bağlı araşdırma edib.
Azərbaycan qanunvericiliyində natamam iş vaxtı ilə çalışanların əməkhaqqının hesablanması qaydası müəyyən edilib. Əsas prinsip işçinin işlədiyi vaxta və ya gördüyü işin faktiki nəticəsinə uyğun ödəniş almasıdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, natamam iş vaxtı əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri davam etdiyi müddətdə işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilə bilər. Bu, natamam iş günü və ya natamam iş həftəsi formasında tətbiq oluna bilər. İş rejiminin müddəti və qüvvədə olacağı dövr də tərəflərin razılığı ilə müəyyənləşdirilir.
Məcəllənin 171-ci maddəsinə görə isə natamam iş günü və ya natamam iş həftəsi ilə çalışan şəxslərin əməkhaqqı işə sərf olunan vaxta mütənasib və ya görülən işin faktiki hasilatına uyğun hesablanır. Tərəflər qarşılıqlı razılığa gəldikdə isə əməkhaqqının tam məbləğdə ödənilməsi də mümkündür.
Əməkhaqqı hansı qaydada hesablanır?
Hesablama zamanı əsas götürülən meyar işçinin həftəlik və ya aylıq iş saatlarının tam iş vaxtı norması ilə müqayisəsidir. Azərbaycanda normal iş vaxtı həftədə 40 saatdan artıq müəyyən edilə bilməz. Buna görə də eyni vəzifədə çalışan tamştat və yarımştat işçilərin əməkhaqqı iş saatlarına uyğun nisbətdə hesablana bilər.
Məsələn, tam iş vaxtı ilə çalışan işçinin aylıq əməkhaqqı 800 manatdırsa və o, həftədə 40 saat işləyirsə, həftədə 20 saat işləyən şəxsin əməkhaqqı eyni tarif əsasında 400 manat təşkil edə bilər. Həftədə 30 saat işləyən şəxsin əməkhaqqı isə 600 manat hesablanır.
Bu zaman nəzərə alınmalıdır ki, əməkhaqqının məbləği yalnız iş saatlarına görə deyil, əmək müqaviləsində müəyyən edilən şərtlərdən, tarif maaşından və işəmuzd ödəniş sistemində faktiki görülən işin həcmindən də asılı ola bilər.
Yarımştat işləmək əmək hüquqlarının məhdudlaşdırılması demək deyil
Əmək Məcəlləsinin 94-cü maddəsinin tələbinə görə, natamam iş vaxtı ilə çalışan şəxslərin qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulan əmək hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.
Yəni işçinin tam iş günü əvəzinə daha az saat çalışması onun əmək münasibətlərindən irəli gələn hüquqlarını itirməsi üçün əsas deyil. Burada əsas fərq əməkhaqqının iş vaxtına və ya faktiki iş nəticəsinə uyğun hesablanmasıdır.
Digər mühüm məqam isə natamam iş vaxtı ilə qısaldılmış iş vaxtının eyni anlayış olmamasıdır. Natamam iş vaxtı tərəflərin razılığı ilə müəyyən edilən iş rejimidir. Qısaldılmış iş vaxtı isə qanunvericilikdə müəyyən edilmiş xüsusi kateqoriyalı işçilərə və əmək şəraitinə görə tətbiq olunur. Bu iki rejimin əməkhaqqına təsiri də fərqlənə bilər.
Dünya ölkələrində yarımştat çalışanların hüquqları necə qorunur?
Beynəlxalq təcrübədə də natamam iş vaxtı ilə çalışanların hüquqlarının qorunması əmək münasibətlərinin mühüm istiqamətlərindən biridir. Avropa İttifaqında 97/81/EC saylı Direktivlə yarımştat və tamştat çalışanlar arasında əsassız fərqli münasibətin qarşısının alınması prinsipi müəyyən edilib. Bu yanaşmaya görə, işçi yalnız yarımştat çalışdığına görə tamştat həmkarı ilə müqayisədə daha əlverişsiz əmək şəraiti ilə üzləşməməlidir. Müvafiq hallarda əməkhaqqı və digər təminatlar işlənilən vaxta mütənasib hesablanır.
Avropa İttifaqının rəsmi məlumatlarında da yarımştat çalışanların əməkhaqqı, məzuniyyət, xəbərdarlıq müddəti və digər əmək təminatlarının tamştat işçilərlə eyni prinsiplər əsasında, lakin işlənilən vaxta mütənasib tətbiq edilməli olduğu bildirilir. Məsələn, tamştat çalışanla müqayisədə iş saatlarının yarısını işləyən şəxs müvafiq illik məzuniyyət hüququnu da işlədiyi vaxta uyğun əldə edir.
Böyük Britaniyada da yarımştat çalışanların hüquqları ayrıca qorunur. Hökumətin rəsmi qaydalarına əsasən, belə işçilər əməkhaqqı dərəcəsi, xəstəlik və valideynlik ödənişləri, pensiya imkanları, məzuniyyət, təlim və karyera inkişafı baxımından tamştat çalışanlarla müqayisədə yalnız iş saatlarının azlığına görə ayrı-seçkiliyə məruz qalmamalıdırlar. Məsələn, tamştat işçiyə 1000 funt sterlinq mükafat verilirsə və yarımştat işçi onun iş saatlarının yarısı qədər çalışırsa, mükafatın 500 funt sterlinq olması mütənasib ödəniş prinsipinə uyğun hesab edilir.
Beynəlxalq Əmək Təşkilatının 175 saylı “Natamam iş vaxtı haqqında” Konvensiyasında da yarımştat çalışanların əməkhaqqının müqayisə edilə bilən tamştat işçilərin əməkhaqqından saatlıq, hasilata görə və ya işəmuzd hesablama əsasında aşağı olmaması prinsipi əksini tapır. Konvensiya həmçinin məzuniyyət, xəstəlik və analıq təminatları, sosial müdafiə məsələlərinə toxunur.
Əsas məsələ əmək müqaviləsində iş rejiminin düzgün göstərilməsidir
Beləliklə, yarımştat iş rejimində çalışan şəxslərin əməkhaqqının hesablanmasında əsas meyar iş vaxtı və görülən işin həcmidir. İşəgötürən əmək müqaviləsində iş saatlarını, əməkhaqqının məbləğini və ödəniş qaydasını aydın şəkildə göstərməlidir. İşçi isə faktiki işlədiyi saatların və gördüyü işin müqavilədə nəzərdə tutulan şərtlərə uyğun hesablanmasına diqqət yetirməlidir.
Yarımştat iş rejimi işçinin əmək hüquqlarının azalması və ya onun sosial təminatlardan kənarda qalması kimi başa düşülməməlidir. Əsas məqsəd iş vaxtının çevik təşkilinə şərait yaratmaqla yanaşı, görülən əməyin ədalətli şəkildə qiymətləndirilməsini təmin etməkdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB