"Keyfiyyətli çay yarpaqları, adətən, eyni ölçüdə və bərabər rəngdə olur" - QİDA EKSPERTİ

"Keyfiyyətli çay yarpaqları, adətən, eyni ölçüdə və bərabər rəngdə olur" - QİDA EKSPERTİ

"İlk növbədə bildirmək istəyirəm ki, qablaşdırılmış çay məhsulu alarkən “Qida təhlükəsizliyi haqqında” 523 saylı Qanunun 17.2-ci maddəsinin tələblərinə uyğun olaraq etiket məlumatları ilə mütləq tanış olmaq lazımdır".

Bu sözləri SİA-ya açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, təəssüf ki, çay yarpaqlarında pestisid qalıqlarının və digər zərərli maddələrin olması mümkündür. Çay plantasiyalarında məhsuldarlığı artırmaq və bitkiləri zərərvericilərdən qorumaq məqsədilə müxtəlif pestisidlərdən, herbisidlərdən və kimyəvi gübrələrdən istifadə olunur:

"Əgər dərmanlama zamanı sonuncu tətbiqlə məhsulun yığılması arasındakı təhlükəsizlik müddətinə əməl olunmazsa və ya normadan artıq kimyəvi maddələrdən istifadə edilərsə, onların qalıqları hazır çay yarpaqlarında qala bilər.

Eyni zamanda, çayın yetişdiyi torpağın və suvarma suyunun çirklənməsi də təhlükə yarada bilər. Məsələn, sənaye zonalarına yaxın ərazilərdə yerləşən plantasiyalarda torpaqda olan qurğuşun və kadmium kimi ağır metallar bitki tərəfindən udula bilər. Bu da həmin maddələrin çay yarpaqlarında toplanmasına şərait yaradır.

Bundan başqa, çay rütubətli və qeyri-qənaətbəxş şəraitdə saxlanıldıqda onun üzərində göbələk və kif inkişaf edə bilər. Nəticədə insan sağlamlığı üçün zərərli olan mikotoksinlər yarana bilər. Bu isə çayın saxlanma şəraitinin pozulmasının nəticəsidir.

Ümumiyyətlə, keyfiyyətli çay seçərkən və alarkən bir sıra məqamlara diqqət yetirilməlidir. İlk növbədə, qeyd etdiyimiz kimi, etiket və sertifikat məlumatları ilə tanış olmaq vacibdir. Məhsulun qida təhlükəsizliyi və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlərin mövcudluğuna diqqət yetirilməlidir.

Keyfiyyətli çay yarpaqları, adətən, eyni ölçüdə və bərabər rəngdə olur. Rəngi tünd qəhvəyi və ya qara, bəzən isə qızılı ucluqlarla müşayiət oluna bilər. Həddindən artıq xırdalanmış, toz və ovuntu şəklində olan çaylar isə aşağı keyfiyyətli xammaldan hazırlana bilər.

Çay quru olmalıdır. Əldə sıxıldıqda dərhal ovulub toz halına düşməməlidir. Əgər çay nəm və ya yumşaq hiss olunursa, bu, onun düzgün şəraitdə saxlanılmadığını və kiflənmə riskinin olduğunu göstərə bilər.

Keyfiyyətli çay dəmləndikdən sonra şəffaf, qəhvəyi-qırmızı və ya kəhrəba çalarlarında olmalıdır. Bulanıqlıq və qeyri-adi rəng dəyişiklikləri məhsulun keyfiyyəti ilə bağlı şübhə yarada bilər.

Çayın xoş və yüngül ətri olmalıdır. Həddindən artıq kəskin kimyəvi və ya süni meyvə qoxusu hiss edilən məhsullara ehtiyatla yanaşmaq lazımdır. Həmçinin qablaşdırmanın daxilində yad cisimlərin, həddindən artıq tozun və digər qarışıqların olmamasına diqqət yetirilməlidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə