“Neftin bahalaşması ölkəyə əlavə ixrac gəlirləri gətirir” - EKSPERT DANIŞDI
“Neft qiymətlərində baş verən dəyişikliklərə Azərbaycanın iqtisadi təhlükəsizliyi baxımından yanaşarkən bir neçə mühüm məqamı nəzərə almalıyıq. İlk növbədə, neftin qiyməti yalnız hasilat və tələb-təklif münasibətləri ilə müəyyən olunmur”.
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, OPEC+ ölkələrinin hasilat siyasəti, ABŞ və Çin iqtisadiyyatlarının vəziyyəti, geosiyasi qarşıdurmalar, müharibələr, sanksiyalar, dolların məzənnəsi və enerji daşıyıcılarının daşınma təhlükəsizliyi qiymətlərə birbaşa təsir göstərir:
”Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və Hörmüz boğazı kimi strateji nəqliyyat marşrutlarında yaranan risklər neft bazarında ciddi qiymət dəyişikliklərinə səbəb ola bilir. Çünki dünya neft ticarətinin mühüm hissəsi bu marşrutlardan keçir. Belə risklər yalnız neftin qiymətini artırmır, eyni zamanda daşınma və sığorta xərclərini də yüksəldir.
Digər mühüm məsələ enerji qiymətlərinin inflyasiyaya təsiridir. Neft və qazın bahalaşması yanacaq, nəqliyyat, logistika, istehsal və kənd təsərrüfatı xərclərini artırır. Enerji bütün bu sahələrin xərc strukturunda iştirak etdiyi üçün bahalaşma tədricən digər məhsul və xidmətlərin qiymətlərinə də ötürülür. Beynəlxalq təcrübədə bu proses enerji qiymətlərinin inflyasiyaya ötürülməsi kimi izah olunur.
Azərbaycan üçün isə burada xüsusi iqtisadi ziddiyyət yaranır. Neftin bahalaşması ölkəyə əlavə ixrac gəlirləri gətirir. Eyni zamanda dünya bazarında enerji və xammal qiymətlərinin yüksəlməsi idxal etdiyimiz məhsulların maya dəyərini artırır. Nəticədə neft gəlirlərindən əldə etdiyimiz əlavə vəsaitin bir hissəsi idxal inflyasiyası vasitəsilə yenidən iqtisadiyyatdan çıxa bilər. Yerli istehsalın zəif olduğu sahələrdə bu təsir daha ciddi hiss olunur.
Mənim fikrimcə, Azərbaycanın əsas iqtisadi problemlərindən biri neft gəlirlərindən asılılığın uzun müddət davam etməsi və bu gəlirlərin dayanıqlı qeyri-neft istehsalına kifayət qədər çevrilməməsidir. Bu məsələni Holland xəstəliyi sindromu kontekstində qiymətləndirmək lazımdır. Holland xəstəliyi təbii resurslardan əldə olunan böyük gəlirlərin iqtisadiyyatın digər sahələrinin rəqabət qabiliyyətini zəiflətməsi ilə xarakterizə olunur. Neft gəlirləri artdıqca ölkəyə böyük həcmdə valyuta daxil olur, dövlət xərcləri genişlənir, daxili tələb və qiymətlər yüksəlir. Milli valyutanın real effektiv məzənnəsinin möhkəmlənməsi də qeyri-neft istehsalçılarının beynəlxalq bazarlarda rəqabət imkanlarını məhdudlaşdıra bilər. Nəticədə iqtisadiyyatın qeyri-neft sahələrində istehsal və ixrac potensialı zəifləyir, kapital daha çox tikinti və xidmət sektoruna yönəlir.
Azərbaycanda da bu sindromun əlamətləri mövcuddur. Dünya Bankının araşdırmalarında 2004–2008-ci illərdə manatın real effektiv məzənnəsinin təxminən 42 faiz möhkəmləndiyi göstərilir. 2005–2009-cu illərdə isə qeyri-neft büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizdən təxminən 39 faizə yüksəlib. Böyük həcmdə neft gəlirlərinin iqtisadiyyata daxil olması daxili qiymətlərə və rəqabət mühitinə təzyiq yaradıb.Yəni,bir sözlə daxil olan vəsait daşa,divara xərclənib.
Burada diqqətçəkən məsələ odur ki, neft gəlirləri hesabına dövlət investisiyaları və tikinti genişlənə bilər, lakin bu, avtomatik olaraq rəqabətqabiliyyətli sənaye və ixrac iqtisadiyyatının yaranması demək deyil. İqtisadiyyatın real gücü ölkənin öz məhsulunu istehsal etməsi, xarici bazarlara çıxarması, texnologiya yaratması və dayanıqlı iş yerləri formalaşdırması ilə ölçülür.
Dünya təcrübəsində bu problemin qarşısını almaq üçün müxtəlif modellər yaradılıb. Norveç bunun ən tanınmış nümunələrindən biridir. Ölkə 1990-cı ildə Dövlət Pensiya Fondunun əsasını qoyub. Neft gəlirlərinin böyük hissəsi xarici maliyyə aktivlərinə investisiya edilir. Fondun vəsaitləri beynəlxalq səhmlərə, istiqrazlara və daşınmaz əmlaka yönəldilir. Büdcəyə isə uzunmüddətli fiskal qaydalar əsasında, əsasən, fondun gözlənilən real gəlirliliyi nəzərə alınmaqla vəsait ayrılır. Məqsəd neft gəlirlərinin daxili iqtisadiyyata kəskin daxil olmasının qarşısını almaq və gələcək nəsillər üçün kapital yaratmaqdır.
Çili də maraqlı təcrübəyə malikdir. Ölkə mis ixracından əldə etdiyi gəlirlərin dəyişkənliyini nəzərə alaraq İqtisadi və Sosial Sabitləşmə Fondunu yaradıb. Misin qiyməti aşağı düşdükdə bu fond dövlət büdcəsinin maliyyə dayanıqlığını qorumağa və iqtisadi şokların təsirini yumşaltmağa xidmət edir.
Bu ölkələrin təcrübəsi göstərir ki, təbii sərvətlərdən əldə olunan gəlirlər uzunmüddətli maliyyə ehtiyatlarına çevrilməli, iqtisadiyyatın istehsal və texnologiya potensialını gücləndirməlidir.
Azərbaycanda da Dövlət Neft Fondu mövcuddur. Lakin əsas müzakirə mövzusu fondun mövcudluğu deyil. Əsas müzakirə mövzusu toplanan vəsaitlərin hansı nisbətdə qorunması, büdcəyə transfer edilməsi və iqtisadiyyatda hansı real əlavə dəyər yaratmasıdır. Neft gəlirlərinin istifadəsi üzrə daha sərt fiskal intizam və uzunmüddətli planlaşdırma mexanizmlərinə ehtiyac var.
Mən hesab edirəm ki, Azərbaycan üç istiqamətdə ciddi dəyişikliklər etməlidir.
Birincisi, neft gəlirlərinin daha böyük hissəsi uzunmüddətli maliyyə ehtiyatlarının formalaşdırılmasına yönəldilməlidir. Büdcə xərcləri dünya bazarında neftin cari qiymətindən asılı olaraq müəyyən edilməməlidir.
İkincisi, qeyri-neft sənayesi, kənd təsərrüfatı, emal sənayesi, texnologiya və ixrac yönümlü sahibkarlıq iqtisadi siyasətin əsas prioritetinə çevrilməlidir. Biznesin inkişafı üçün rəqabətli mühit, hüquqi təminatlar, maliyyəyə çıxış və inzibati maneələrin azaldılması təmin edilməlidir.
Üçüncüsü, regionların iqtisadi müstəqilliyi artırılmalıdır. İqtisadi fəaliyyətin həddindən artıq mərkəzləşdirilməsi biznesi dövlət qurumlarından asılı vəziyyətə salır. Regionlarda istehsal, emal və ixrac müəssisələrinin inkişafı üçün yerli iqtisadi imkanlardan istifadə edilməlidir.
Enerji təhlükəsizliyi məsələsinə də daha geniş yanaşmaq lazımdır. Neft və qaz hasilatının həcmi ilə yanaşı, boru kəmərlərinin, terminalların, ixrac marşrutlarının, elektrik şəbəkələrinin, limanların və alternativ enerji infrastrukturunun təhlükəsizliyi də vacibdir. Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlər ölkənin digər iqtisadi sahələrinin inkişafına xidmət etməlidir.
Mənim qənaətim budur ki, Azərbaycanın iqtisadi modeli artıq ciddi struktur dəyişikliklərinə ehtiyac duyur. Neftin qiymətinin yüksək olması büdcə gəlirlərini artıra bilər, lakin bu artımın əhalinin real gəlirlərinə, məhsuldarlığa, istehsala və ixrac imkanlarına təsiri ayrıca qiymətləndirilməlidir.
Ən böyük iqtisadi riskimiz neftin tükənməsi deyil, neft gəlirlərindən istifadə etdiyimiz onilliklər ərzində neftdən asılı olmayan iqtisadiyyat qura bilməməyimizdir.
Əgər bu gün neft gəlirlərini sənaye, texnologiya, kənd təsərrüfatı, insan kapitalı və rəqabətli biznes mühitinə çevirməsək, sabah neft hasilatı və qiymətləri azaldıqda iqtisadiyyatımız daha ciddi problemlərlə üzləşə bilər. Azərbaycanın gələcək iqtisadi təhlükəsizliyi neftin neçə dollara satılmasından daha çox, bu sərvətdən əldə edilən gəlirlə hansı iqtisadi potensialı yaratmağımızdan asılıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB