"Ölkəmiz beynəlxalq əməkdaşlığın istiqamətlərinə təsir göstərən aktora çevrilib" - POLİTOLOQ

"Ölkəmiz beynəlxalq əməkdaşlığın istiqamətlərinə təsir göstərən aktora çevrilib" - POLİTOLOQ

"Azərbaycanın son illərdə keçdiyi inkişaf mərhələsini qiymətləndirərkən iqtisadi göstəricilərlə yanaşı, ölkənin beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyə, siyasi çəkisinə və müstəqil qərarvermə imkanlarının genişlənməsinə diqqət yetirmək lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın milli maraqlarını beynəlxalq gündəlikdə daha sistemli şəkildə təqdim etməsinə, müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmasına və regional proseslərdə fəal iştirakına şərait yaradıb".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində yalnız regional prosesləri izləyən ölkə deyil, bir sıra məsələlərdə təşəbbüslər irəli sürən, dialoq platformaları yaradan və beynəlxalq əməkdaşlığın istiqamətlərinə təsir göstərən aktor kimi çıxış edir. Bunun əsas səbəblərindən biri ölkəmizin coğrafi mövqeyindən, enerji potensialından, nəqliyyat-kommunikasiya imkanlarından və siyasi əlaqələrindən milli maraqlar naminə kompleks şəkildə istifadə etməsidir:

"Xüsusilə enerji diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyində ölkəmizin artan iştirakı Azərbaycanı etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Eyni zamanda, Orta Dəhlizin inkişafı, Xəzər hövzəsi ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini artırır. Avropa İttifaqı ilə nəqliyyat, enerji və investisiya sahələrində əməkdaşlığın genişlənməsi də bu istiqamətin praktiki nəticələrindəndir.

Digər mühüm istiqamət Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığıdır. Türk dünyasında iqtisadi, siyasi, humanitar və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi ölkəmizin regional imkanlarını genişləndirir. Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı Azərbaycanın daha geniş coğrafiyada əməkdaşlıq şəbəkəsi formalaşdırmasına imkan verir.

Bununla yanaşı, Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyəti müxtəlif beynəlxalq güc mərkəzləri ilə münasibətlərdə milli maraqlara əsaslanan praqmatik yanaşmanın qorunmasıdır. Bakı müxtəlif siyasi platformalarda iştirak etməklə öz mövqeyini ifadə edir, əməkdaşlıq imkanlarını genişləndirir və xarici siyasətdə müstəqil qərarvermə prinsipini ön planda saxlayır. Bu yanaşma xüsusilə mürəkkəb geosiyasi şəraitdə ölkənin manevr imkanlarının qorunması baxımından əhəmiyyətlidir.

Sosial-iqtisadi inkişaf məsələsinə gəldikdə isə, Azərbaycanın əldə etdiyi infrastruktur imkanları, enerji gəlirləri, strateji valyuta ehtiyatları və qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının əsas elementləridir. Bununla belə, qarşıdakı mərhələdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, innovasiyaların tətbiqi və əhalinin sosial rifahının yüksəldilməsi əsas prioritetlər olaraq qalır. Beynəlxalq mövqenin iqtisadi güclə davamlı şəkildə möhkəmləndirilməsi də məhz bu hədəflərdən asılıdır.

Mən hesab edirəm ki, Azərbaycanın fəal diplomatiyasının ən mühüm nəticələrindən biri milli maraqların müdafiəsi ilə beynəlxalq əməkdaşlıq imkanlarının uzlaşdırılmasıdır. Ölkəmiz regional təhlükəsizlikdən tutmuş enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əməkdaşlığa qədər müxtəlif istiqamətlərdə öz mövqeyini ortaya qoyur. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun daha geniş miqyasda nəzərə alınmasına şərait yaradır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə