“Azərbaycançılıq məfkurəsi müxtəlif xalqları və dinləri vahid cəmiyyətdə birləşdirir” - DEPUTAT DANIŞDI

“Azərbaycançılıq məfkurəsi müxtəlif xalqları və dinləri vahid cəmiyyətdə birləşdirir” - DEPUTAT DANIŞDI

”Azərbaycan dövlətinin gücü yalnız iqtisadi potensialı, hərbi qüdrəti və beynəlxalq nüfuzu ilə deyil, həm də əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərləri, zəngin mədəni irsi və xalqın birliyini təmin edən ideoloji prinsipləri ilə ölçülür. Azərbaycançılıq məfkurəsi bu baxımdan ölkəmizin dövlətçilik fəlsəfəsinin əsas dayaqlarından biridir”.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, müxtəlif etnik qrupların, dini konfessiyaların nümayəndələrinin vahid cəmiyyət daxilində sülh və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinin müasir dövlətçilik modelində davam etdiyini göstərir:

“Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidə, tarixi Qələbənin şərəfinə ucaldılmış Zəfər tağının önündə Azərbaycan xalqına müraciətində milli-mənəvi dəyərlərin və Azərbaycançılıq ideologiyasının əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısı çıxışında bildirib: “Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır”. Ölkə başçısının bu fikirləri Azərbaycanın milli birliyinin hansı ideoloji əsaslar üzərində formalaşdığını aydın şəkildə ifadə edir.

Bu ideologiyanın tarixi kökləri Azərbaycan xalqının dövlətçilik ənənələrinə, milli özünüdərk prosesinə və müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə əsaslanır. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycançılıq məfkurəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Müstəqilliyin ilk illərində milli birliyin qorunması, dövlətçilik şüurunun möhkəmləndirilməsi və cəmiyyətdə həmrəyliyin təmin edilməsi baxımından bu ideologiya xüsusi əhəmiyyət daşıyıb. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.

Azərbaycançılıq ideologiyasının hüquqi əsasları da ölkəmizin Konstitusiyasında öz əksini tapır. Konstitusiyanın 25-ci maddəsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən və digər əlamətlərindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təsbit edir. Bu prinsip dövlətin bütün vətəndaşlara bərabər münasibətinin hüquqi təminatıdır. Eyni zamanda, ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst fəaliyyəti, milli azlıqların dilinin, mədəniyyətinin və adət-ənənələrinin qorunması multikultural cəmiyyət modelinin mühüm göstəriciləridir.
Azərbaycanın multikulturalizm təcrübəsi beynəlxalq miqyasda da diqqət çəkir. 2016-cı ilin Azərbaycanda Multikulturalizm İli elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, eləcə də müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər bu sahədə dövlət siyasətinin ardıcıl xarakter daşıdığını göstərir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması da müxtəlif xalqların və dini icmaların mədəni irsinin qorunmasına, tolerantlıq ənənələrinin təşviqinə xidmət edən institusional addımlardan biridir. Bu mənada Azərbaycan təkcə öz daxilində deyil, beynəlxalq platformalarda da mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.

Azərbaycançılıq məfkurəsinin real gücü xüsusilə Vətən müharibəsi dövründə özünü göstərdi. 44 günlük müharibə zamanı ölkənin müxtəlif bölgələrində yaşayan, fərqli etnik və dini mənsubiyyətə malik vətəndaşlar vahid məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi naminə birləşdilər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi dönüş nöqtəsinə çatdı, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu Qələbə xalqın milli iradəsinin, dövlət-ordu-xalq birliyinin və Vətən sevgisinin təntənəsi oldu. Məhz həmin günlərdə aydın göründü ki, milli-mənəvi dəyərlər yalnız tarixi yaddaşın qorunması deyil, həm də ən çətin sınaqlarda cəmiyyəti bir arada saxlayan böyük mənəvi qüvvədir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Azərbaycançılıq ideologiyasının gələcəyə yönəlmiş mahiyyətini nümayiş etdirir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, yeni yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və sosial infrastruktur obyektlərinin inşası tarixi yaddaşın bərpası ilə yanaşı, vahid dövlətçilik məkanının möhkəmləndirilməsinə xidmət edir. Xankəndidən səslənən mesajların mənəvi yükü də məhz bu məqamda xüsusi məna qazanır. Bir zamanlar münaqişə və işğalla xatırlanan torpaqlarda bu gün Azərbaycan bayrağının dalğalanması, quruculuq işlərinin aparılması dövlət suverenliyinin və milli birliyin əyani təzahürüdür.

Azərbaycançılıq məfkurəsi keçmişdən miras qalan bir ideoloji anlayış olmaqla məhdudlaşmır. Bu, müasir Azərbaycanın siyasi, ictimai və mənəvi həyatını birləşdirən, gələcək nəsillərə ötürülən dövlətçilik fəlsəfəsidir. Prezident İlham Əliyevin Zəfər tağı önündə səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, Azərbaycanın tarixi uğurlarının arxasında yalnız hərbi və siyasi güc deyil, həm də milli həmrəylik, vətəndaş birliyi və mənəvi bütövlük dayanır. Bayrağımızı ucaldan, dövlətimizi gücləndirən və xalqımızı vahid amal ətrafında birləşdirən bu dəyərlər Azərbaycanın gələcək inkişafının da etibarlı təminatıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə