Yeni ildən kommunal və gündəlik tələbat məhsullarının qiymətləri artacaqmı? - EKSPERT DANIŞDI
“Yeni ildən kommunal xidmətlərin və gündəlik tələbat məhsullarının qiymətlərində artım ehtimalını tamamilə istisna etmək mümkün deyil. Lakin kommunal tariflərin artırılması ilə bağlı rəsmi qərar qəbul edilmədən bunu qaçılmaz bahalaşma kimi təqdim etmək düzgün olmaz. Qiymətlərin formalaşmasına təsir edən əsas amillər istehsal və idxal xərclərinin artması, enerji daşıyıcılarının qiyməti, logistika, əməkhaqqı və digər əməliyyat məsrəfləridir”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə ərzaq məhsulları üzrə idxaldan asılılıq və xarici bazarlarda baş verən qiymət dəyişiklikləri daxili istehlak bazarına da təsir göstərir:
” Bununla yanaşı, yerli istehsalın həcmi, məhsul təklifi və mövsümi amillər də qiymətlərin dəyişməsində mühüm rol oynayır.
Kommunal xidmətlərin tariflərində mümkün dəyişikliklər də əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərə bilər. Elektrik enerjisi, təbii qaz və su təchizatı üzrə xərclərin artması ailə büdcəsinə əlavə yük yaratmaqla yanaşı, istehsal və xidmət sektorunda fəaliyyət göstərən müəssisələrin məsrəflərini də yüksəldə bilər. Bu isə dolayı yolla bəzi məhsul və xidmətlərin qiymətlərində artıma səbəb ola bilər. Ona görə də kommunal tariflərlə bağlı istənilən qərar qəbul edilərkən onun həm əhali, həm də sahibkarlıq subyektləri üçün mümkün nəticələri nəzərə alınmalıdır.
Mümkün bahalaşmanın əhalinin sosial rifahına təsiri ailələrin gəlir səviyyəsindən asılı olacaq. Aşağı və orta gəlirli ailələr büdcələrinin daha böyük hissəsini ərzaq, kommunal xidmətlər və digər zəruri ehtiyaclara xərclədikləri üçün qiymət artımlarını daha ciddi hiss edəcəklər. Xüsusilə çoxuşaqlı ailələr, pensiyaçılar və sabit gəlirlə dolanan vətəndaşlar üçün bu cür dəyişikliklər əlavə maliyyə çətinlikləri yarada bilər. Eyni zamanda, əməkhaqqı və pensiyalarda artım olsa belə, qiymətlər daha sürətlə yüksələrsə, insanların real alıcılıq qabiliyyəti zəifləyəcək, təhsil, səhiyyə və digər ehtiyaclara ayrılan vəsait azalacaq.
Bu baxımdan, əsas prioritet qiymət sabitliyinin qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmalıdır. Bunun üçün daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi, süni qiymət artımlarına qarşı nəzarətin gücləndirilməsi, yerli istehsalın genişləndirilməsi və idxaldan asılılığın azaldılması vacibdir. Eyni zamanda, aztəminatlı ailələrə ünvanlı sosial dəstəyin artırılması və sosial ödənişlərin inflyasiya göstəriciləri nəzərə alınmaqla tənzimlənməsi məqsədəuyğun olardı. Əsas məsələ iqtisadi sabitliyi qorumaqla yanaşı, qiymət dəyişikliklərinin vətəndaşların gündəlik həyat səviyyəsinə mənfi təsirini minimuma endirməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB