Tokioda Azərbaycan, erməni və gürcü ekspertləri Yaponiya ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri "Yaponiyanın və Cənubi Qafqaz regionunun geosiyasi perspektivləri" mövzusunda dəyirmi masada iştirak ediblər.
SİA tədbirin təşkilatçısı olan Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş oktyabrın 28-dən 30-dək keçirilən Cənubi Qafqaz ölkələrindən ekspertlərin dəvəti proqramı çərçivəsində oktyabrın 29-da Tokioda baş tutub.
Qurumun məlumatına görə, proqram strateji geosiyasi əhəmiyyətə malik olan Cənubi Qafqazın sabitliyinə və müstəqil inkişafına dəstək verməyə, eləcə də Yaponiyanın region ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsinə yönəlib.
Dəyirmi masada həmçinin Keyo Universitetinin professoru Yoko Hirose də iştirak edib.
İştirakçılar Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin çağırışları və perspektivlərini, regional qarşılıqlı əlaqələrin və iqtisadi inkişafın gücləndirilməsi imkanlarını, həmçinin Yaponiya ilə region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, dəvət olunmuş ekspertlər Sasakava Sülh Fondunun Mediasiyaya Dəstək Mərkəzini ziyarət edib, orada mərkəzin nümayəndələri ilə fikir mübadiləsi aparıb, həmçinin digər tədbirlərdə iştirak ediblər.
Görüşdə Azərbaycanı Qafqaz Siyasətinin Təhlili Mərkəzinin direktoru Əhməd Əlili, Ermənistanı - Ermənistan Şurasının prezidenti Areq Koçinyan, Gürcüstanı isə İlia Dövlət Universitetinin dosenti və Yaponiya Mərkəzinin rəhbəri Caba Mesxişvili təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB