“Azad edilmiş ərazilərdə bayrağımızın ucaldılması tarixi Qələbəmizin rəmzidir” -MİLLƏT VƏKİLİ

“Azad edilmiş ərazilərdə bayrağımızın ucaldılması tarixi Qələbəmizin rəmzidir” -MİLLƏT VƏKİLİ

“9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürur və iftixar hisslərini özündə birləşdirən, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan əlamətdar tarixdir. Üçrəngli bayrağımız əsrlər boyu xalqımızın qəlbində yaşatdığı azadlıq arzusunun, milli kimliyimizin və müstəqil dövlətçilik iradəmizin təcəssümüdür”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır:

”Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən qəbul edilən bayraq müstəqil dövlətimizin ilk rəmzlərindən biri kimi tarixə düşüb. Bayrağımızın rənglərində ifadə olunan türkçülük, müasirlik və islamçılıq prinsipləri xalqımızın milli-mənəvi dəyərlərini, tarixi köklərini və mütərəqqi dünyagörüşünü özündə birləşdirir.

Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın qaldırılması milli dövlətçilik tariximizin dönüş nöqtələrindən biri oldu. Bu tarixi qərar Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm siyasi və mənəvi addım idi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə bu müqəddəs rəmz dövlətçilik atributumuz kimi öz layiqli yerini tutdu.

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qarşısında və ölkəmizin bütün guşələrində qürurla dalğalanır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində dövlət rəmzlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

Xüsusilə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər üçrəngli bayrağımızın mənəvi və siyasi mahiyyətini daha da ucaltdı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası və dövlət bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Xankəndidə dalğalanması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm hadisələrindəndir.

Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı Dövlət Bayrağımızı ucaltması xalqımızın qürurunu, milli iradəsini və tarixi ədalətin bərpasını nümayiş etdirən unudulmaz anlara çevrilib. Bu gün Şuşada, Xankəndidə və digər azad edilmiş şəhər və kəndlərimizdə dalğalanan bayrağımız tarixi Qələbəmizin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin rəmzidir.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, burada Dövlət Bayrağı Muzeyinin fəaliyyətinin təmin edilməsi də dövlət rəmzlərimizə göstərilən yüksək ehtiramın ifadəsidir. 2024-cü il noyabrın 8-də meydanın yenidən açılması və cənab Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağımızın ucaldılması Zəfərimizin ildönümü ərəfəsində xüsusi rəmzi məna daşıyan hadisə kimi yadda qaldı.

Dövlət Bayrağımızın hər bir rəngi, üzərindəki aypara və səkkizguşəli ulduz xalqımızın tarixi, milli kimliyi və gələcəyə baxışını özündə əks etdirir. Bu bayraq bizi birləşdirən, milli həmrəyliyimizi gücləndirən, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyimizə xidmət edən müqəddəs dövlətçilik rəmzidir.

Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil Dövlət Bayrağımızın tarixi və mənəvi dəyərini dərindən dərk etməli, ona daim hörmət və ehtiramla yanaşmalıdır. Çünki bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir, müstəqilliyimizə sahib çıxmaq məsuliyyətidir.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, müstəqil dövlətimizin, suverenliyimizin və milli birliyimizin rəmzi olan üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulayıram”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə