“Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası Zəfər salnaməsidir” -DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günündə Xankəndidə, Zəfər Tağının qarşısında Azərbaycan xalqına ünvanladığı müraciətdə 44 günlük Vətən müharibəsi zamanı keçdiyimiz qəhrəmanlıq yoluna bir daha nəzər salması xüsusi əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə,
Dövlət başçısı bu tarixi hadisələri xatırlatmaqla Azərbaycan xalqının hansı iradə, birlik və qətiyyət hesabına tarixi Zəfərə nail olduğunu bir daha diqqətə çatdırdı:
”Çünki 44 günlük müharibə təkcə torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın milli həmrəyliyinin və ordumuzun döyüş qabiliyyətinin bütün dünyaya nümayiş etdirilməsi idi.
Azərbaycan Vətən müharibəsini öz suveren ərazisində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünün bərpası məqsədilə apardı. Bu müharibədə əldə etdiyimiz Qələbə xalqımızın milli birliyinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, şəhidlərimizin canı və qanı bahasına mümkün oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixə düşəcək hərbi əməliyyatlar həyata keçirdi. Döyüş meydanında 300-dən çox şəhər, kənd və digər yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən birinə çevrildi.
Otuz il ərzində Ermənistan işğal etdiyi ərazilərdə genişmiqyaslı istehkamlar qurmuş, müdafiə xətləri yaratmış, müxtəlif hərbi texnika və silahlarla təchiz olunmuş ordu formalaşdırmışdı. Ermənistan rəhbərliyi bu istehkamların və xarici dəstəyin hesabına Azərbaycan Ordusunun işğal altındakı əraziləri hərbi yolla azad edə bilməyəcəyini düşünürdü. Lakin 44 günlük müharibə bütün bu hesablamaları alt-üst etdi. Azərbaycan Ordusu müasir hərb tarixində nümunə göstəriləcək döyüş əməliyyatları həyata keçirərək düşmənin uzun illər ərzində yaratdığı müdafiə sistemini darmadağın etdi. Bu, bir daha göstərdi ki, müharibənin taleyini yalnız silahların sayı və istehkamların möhkəmliyi deyil, ordunun döyüş ruhu, peşəkarlığı, xalqın dəstəyi və siyasi rəhbərliyin qətiyyəti müəyyən edir.
44 günlük müharibənin ən mühüm tarixi hadisələrindən biri noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Şuşa strateji mövqeyi, tarixi və mədəni əhəmiyyəti ilə Azərbaycanın milli yaddaşında xüsusi yer tutur. Şəhərin sıldırım qayalıqlardan keçən mürəkkəb relyef şəraitində aparılan əməliyyatlar nəticəsində azad edilməsi Azərbaycan hərbçilərinin misilsiz qəhrəmanlığının göstəricisi idi. Şuşa əməliyyatı yalnız hərbi baxımdan deyil, həm də siyasi və mənəvi cəhətdən müharibənin dönüş nöqtəsinə çevrildi. Şuşanın azad edilməsi ilə Ermənistanın hərbi və siyasi müqavimət imkanları ciddi şəkildə sarsıldı, müharibənin sonu faktiki olaraq müəyyənləşdi.
Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bu sənəd faktiki olaraq Ermənistanın hərbi məğlubiyyətini qəbul etməsi və kapitulyasiyası demək idi. Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün xalqa müraciətində vurğuladığı kimi, Azərbaycan müharibəni döyüş meydanında başa çatdırmış, bundan sonrakı mərhələdə isə əldə edilmiş nəticələrin siyasi və diplomatik yollarla təmin olunması istiqamətində addımlar atmışdı.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın ən mühüm nəticələrindən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə bağlı öhdəliklərin müəyyənləşdirilməsi idi. Beləliklə, 44 günlük müharibədə əldə edilmiş hərbi üstünlük sonrakı mərhələdə digər işğal altındakı ərazilərin də azad edilməsinə imkan yaratdı. Ağdam, Kəlbəcər və Laçın rayonları əlavə hərbi əməliyyatlara ehtiyac qalmadan, bir güllə belə atılmadan və əlavə şəhidlər vermədən Azərbaycanın nəzarətinə qaytarıldı. Bu fakt hərbi Qələbənin siyasi-diplomatik müstəvidə də konkret nəticələr verdiyini nümayiş etdirdi.
44 günlük müharibənin diqqətçəkən məqamlarından biri də Azərbaycan və Ermənistan ordularının döyüş ruhu və mənəvi-psixoloji vəziyyəti arasındakı fərq idi. Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzmi, intizam və vətənpərvərlik nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları yerinə yetirdi. Ermənistan tərəfinin müharibə dövründə səsləndirdiyi açıqlamalarda isə orduda kütləvi fərarilik hallarının baş verdiyi etiraf olunurdu. Ermənistan mənbələrində səsləndirilən 12 minə yaxın fərari ilə bağlı rəqəm də həmin dövrdə düşmən ordusunda yaranmış mənəvi-psixoloji böhranın göstəricisi idi.
Bu müqayisə müharibənin yalnız hərbi texnika və silahların qarşıdurmasından ibarət olmadığını bir daha göstərdi. Azərbaycan əsgəri öz torpağını, ailəsini, dövlətini və milli ləyaqətini qorumaq üçün döyüşürdü. Onun arxasında bütöv bir xalq dayanmışdı. Məhz bu birlik və həmrəylik Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlığın əsas mənəvi dayaqlarından biri idi.
Azərbaycanın hərbi-siyasi üstünlüyü 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da öz təsdiqini tapdı. Ermənistanın və onun dəstəklədiyi separatçı rejimin silahlı birləşmələri qarşısında qoyulan tələblərdən sonra separatçı qüvvələr silahı yerə qoyaraq təslim olmağa məcbur oldular. Nəticədə Azərbaycanın Qarabağ bölgəsində suverenliyi tam bərpa edildi. Separatçı silahlı birləşmələrin çıxarılması prosesi də həmin razılaşmanın nəticələrindən biri oldu. Beləliklə, 2020-ci ildə başlayan yeni tarixi mərhələ 2023-cü ildə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi ilə tamamlandı.
Bütün bunlar 44 günlük müharibənin Azərbaycan tarixində nə qədər mühüm dönüş nöqtəsi olduğunu göstərir. Vaxtilə tanklarla Bakıya gəlib çay içmək arzusunda olduqlarını bildirənlərin iddiaları Azərbaycan Ordusunun qətiyyəti qarşısında puça çıxdı. Bu gün həmin ordunun hərbi texnikasının bir hissəsi Bakıda Hərbi Qənimətlər parkında nümayiş etdirilir. Ermənistanın separatçı rejiminin keçmiş rəhbərliyində təmsil olunmuş şəxslər isə törətdikləri əməllərə görə hüquqi məsuliyyət daşıyır və həbsxanamızda çay içirlər. Tarix bu baxımdan da öz ibrətamiz nəticəsini ortaya qoydu: Azərbaycan xalqının iradəsini və dövlətimizin suverenliyini təhdidlərlə sarsıtmaq mümkün deyil.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı yeni tarix yazdı. Bu tarix şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətinin tarixidir. 44 gün ərzində döyüş meydanında qazanılan Qələbə, Ermənistanın kapitulyasiyası, işğal altındakı digər rayonların döyüşsüz qaytarılması və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası vahid tarixi Zəfər salnaməsinin bir-birini tamamlayan mərhələləridir.
Bu gün Azərbaycan qalib dövlət, xalqımız isə tarixi Zəfərin müəllifi olan qalib xalqdır. Qarşıda duran ən mühüm vəzifələrdən biri bu qəhrəmanlıq tarixini qorumaq, gələcək nəsillərə çatdırmaq və Vətən müharibəsinin dərslərini milli yaddaşımızda əbədi yaşatmaqdır. Çünki 44 günlük müharibədə yazılan tarix yalnız keçmişimizin deyil, həm də müstəqil və suveren Azərbaycanın gələcəyinin möhkəm təməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB