"Şuşa zəfəri Azərbaycan xalqının doğma torpaqlara qayıdış əzmini nümayiş etdirdi" - POLİTOLOQ DANIŞDI
"8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbənin deyil, milli iradənin, tarixi ədalətin bərpasının və doğma torpaqlara qayıdış əzminin təcəssümü kimi xüsusi yer tutur. Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi Vətən müharibəsinin həlledici mərhələlərindən biri olmaqla, Azərbaycanın hərbi-siyasi məqsədlərinin reallaşdırılmasında müstəsna rol oynadı".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” bəyanatı xalqın uzun illər ərzində daşıdığı həsrətin sona çatdığını və yeni tarixi mərhələnin başlandığını ifadə edirdi. Bu qələbənin arxasında güclü dövlət quruculuğu, ordunun modernləşdirilməsi, iqtisadi potensialın artırılması, milli həmrəyliyin möhkəmləndirilməsi və siyasi iradənin ardıcıl şəkildə nümayiş etdirilməsi dayanırdı:
"Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının sonrakı dövrdə davam etdirilməsi Azərbaycanın qarşıya qoyduğu hədəflərə çatması üçün mühüm zəmin yaratdı.
Şuşanın azad olunması hərbi baxımdan da xüsusi əhəmiyyət daşıyırdı. Şəhərin mürəkkəb relyefi, sıldırım qayalıqları və məhdud hərəkət imkanları əməliyyatı çətinləşdirirdi. Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq, cəsarət və fədakarlıq nümayiş etdirməsi nəticəsində Şuşa azad edildi və Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün mövcud vəziyyətin davam etdirilməsi daha da çətinləşdi. Şuşa qələbəsi 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasına gətirən prosesdə mühüm amillərdən biri oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində bərpası ilə nəticələndi. Beləliklə, Şuşa zəfəri daha geniş tarixi prosesin mühüm mərhələsinə çevrildi.
Şəhərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri onun tarixi simasının qorunması, dağıdılmış infrastrukturun bərpası və əhalinin doğma yurda qayıdışının təmin edilməsi oldu. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” adlandırılması, şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı kimi tanınması onun beynəlxalq mədəni əhəmiyyətini artırdı. “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri kimi tədbirlərin bərpası Şuşanın zəngin mədəni ənənələrinin yenidən canlandırılmasına xidmət edir. Eyni zamanda, tarixi məscidlərin, ev-muzeylərinin, memarlıq nümunələrinin və digər abidələrin bərpası şəhərin milli-mədəni irsinin qorunması baxımından vacibdir.
Şuşanın dirçəldilməsi yalnız tarixi binaların yenilənməsi ilə məhdudlaşmır. Yeni yaşayış komplekslərinin, məktəblərin, səhiyyə və xidmət obyektlərinin yaradılması, yolların və kommunal infrastrukturun qurulması şəhərin davamlı inkişafına hesablanıb. Zəfər yolu isə azadlıq uğrunda mübarizənin rəmzlərindən biri kimi xüsusi məna daşıyır.
Şuşa Şəhəri Günü bu baxımdan keçmiş qələbənin xatırlanması ilə yanaşı, gələcək nəsillər qarşısında məsuliyyəti də ifadə edir. Şəhərin qorunması, mədəni irsinin dünyaya tanıdılması və müasir yaşayış məkanına çevrilməsi Azərbaycanın tarixi yaddaşının yaşadılmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB