8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan, milli yaddaşımıza əbədi həkk edilən möhtəşəm tarixi hadisənin təcəssümüdür. Bu gün xalqımızın uzun illər həsrətində olduğu doğma torpaqlarına qovuşmaq arzusunun gerçəkləşdiyi, milli iradəmizin, dövlətçilik əzmimizin və qəhrəmanlığımızın bütün dünyaya nümayiş etdirildiyi şanlı tarixdir. Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın tarixi ədaləti bərpa etmək, öz ərazi bütövlüyünü təmin etmək gücündə olan müstəqil dövlət olduğunu təsdiqləyən mühüm hadisədir.2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciəti hər bir azərbaycanlının yaddaşında unudulmaz an kimi yaşayır. Dövlət başçısı böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Bu tarixi xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Həmin gün Azərbaycan xalqı yalnız bir şəhərin azad edilməsini deyil, həm də illərdir qəlbində yaşatdığı arzunun, milli iradənin və sarsılmaz inamın gerçəkləşməsini qeyd edirdi. Prezident İlham Əliyevin həmin müraciəti Vətən müharibəsinin yaddaşlara həkk olunan ən mühüm məqamlarından birinə çevrildi. Şəhərin işğal altında olduğu 28 il ərzində Azərbaycan xalqı Şuşa həsrəti ilə yaşadı. Tarixi-mədəni abidələrin dağıdılması, milli irsimizə vurulan zərbələr, şəhərin tarixi simasının dəyişdirilməsinə yönələn cəhdlər xalqımızın yaddaşında dərin iz buraxdı. Lakin bütün bu illər ərzində Şuşaya qayıdış ümummilli məqsəd olaraq qaldı. Azərbaycan dövləti öz prinsipial mövqeyindən dönmədi, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan siyasətini davam etdirdi.Şuşanın azad olunması həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin mühüm nəticəsi kimi qiymətləndirilməlidir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməllərini formalaşdıraraq dövlətimizin gələcək inkişaf strategiyasını müəyyənləşdirmişdi. Prezident İlham Əliyev isə bu siyasi kursu davam etdirərək ölkənin iqtisadi, hərbi və siyasi potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. Nəticədə Azərbaycan Ordusu müasir dövrün tələblərinə uyğun inkişaf etdi, ölkəmizin müdafiə qüdrəti yüksəldi və 2020-ci ildə tarixi Zəfərin əldə olunması üçün zəruri imkanlar formalaşdı. Bu qələbənin arxasında Azərbaycan xalqının birliyi, dövlətinə və ordusuna inamı dayanırdı. Vətən müharibəsi dövründə cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə öz töhfəsini verdi. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı ilə əldə edilən Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Şuşanın azadlığı uğrunda döyüşən qəhrəmanlarımızın göstərdiyi şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.Bu gün azad Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Tarixi abidələr bərpa edilir, yollar və infrastruktur yenilənir, sosial obyektlər tikilir, şəhərin tarixi-mədəni irsinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şuşanın yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası deyil, həm də milli-mənəvi irsimizin dirçəldilməsi deməkdir. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, mədəniyyət günləri və digər layihələr Şuşanın yenidən Azərbaycanın mədəniyyət mərkəzi kimi tanıdılmasına xidmət edir. Şuşanın 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması şəhərin milli və beynəlxalq miqyasda əhəmiyyətini bir daha təsdiqlədi. Şuşada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi şəhərin zəngin mədəni ənənələrinin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Uzun illər səssizliyə qərq olmuş mədəniyyət ocaqlarında yenidən musiqinin səslənməsi, poeziya və sənət tədbirlərinin təşkili Şuşanın öz tarixi ruhuna qayıdışının bariz ifadəsidir.8 Noyabr – Şuşa Şəhəri Günü bizə bir daha xatırladır ki, xalqın tarixi yaddaşı, Vətənə bağlılığı və milli birliyi heç bir qüvvə ilə sarsıdıla bilməz. Şuşanın azad edilməsi Azərbaycan tarixində əbədi yaşayacaq, gələcək nəsillərə qürur və iftixar mənbəyi olacaqdır. Bu gün azad Şuşa öz əzəməti, gözəlliyi və yenidən dirçələn həyatı ilə Azərbaycanın Zəfər salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB