Yeni ildə sosial şəbəkədə başqaları ilə müqayisə özünü yetərsiz hiss etdirə bilərmi ? - RƏY

Yeni ildə sosial şəbəkədə başqaları ilə müqayisə özünü yetərsiz hiss etdirə bilərmi ? - RƏY

Yeni il ərəfəsində sosial şəbəkələrdə insanların başqalarının həyatını, uğurlarını, bayram hazırlıqlarını, ailəvi görüntülərini və maddi imkanlarını nümayiş etdirməsi bəzi insanlarda psixoloji gərginlik, narazılıq və özünü yetərsiz hiss etmə yarada bilər. Bu dövrdə insan istər-istəməz öz həyatını başqalarının təqdim etdiyi görüntülərlə müqayisə edir.

Bu sözləri SİA-ya psixoloq Günel Allahverdiyeva deyib.

O bildirib ki, xüsusilə, ilin sonuna yaxın əldə etdiyi nəticələri qiymətləndirmək, reallaşmamış arzularını və yarımçıq qalan planlarını xatırlamaq meyli artır:

“Sosial şəbəkələrdəki parlaq görüntülər isə bəzən bu daxili qiymətləndirməni daha da sərtləşdirir.

Psixoloji baxımdan əsas məsələ sosial müqayisənin özündən daha çox, insanın bu müqayisə nəticəsində özünə verdiyi qiymətdir. Başqalarının uğurları motivasiya yarada bilər, lakin onları öz həyatının uğursuzluğunun göstəricisi kimi qəbul etdikdə özünədəyər hissi zədələnə, narazılıq və emosional gərginlik arta bilər. “Hamı xoşbəxtdir, hamı nəyəsə nail olub, yalnız mən geridə qalmışam” düşüncəsi reallığı əks etdirməsə də, insanda güclü emosional təsir yarada bilər.

Unutmamalıyıq ki, sosial şəbəkələr həyatın bütöv mənzərəsini deyil, seçilmiş fraqmentlərini təqdim edir. İnsanlar adətən çətinliklərini, daxili narahatlıqlarını və emosional mübarizələrini paylaşmırlar. Biz başqasının həyatının görünən tərəflərini öz həyatımızın görünməyən, bəzən ən çətin məqamları ilə müqayisə edirik. Bu qeyri-real müqayisə insanda narazılıq, qısqanclıq, emosional yorğunluq və bayram sevincini hiss etməkdə çətinlik yarada bilər.

Yeni il müəyyən sosial gözləntilərlə müşayiət olunur: bayram süfrəsi, hədiyyələr, evin bəzədilməsi, ailə ilə xoş zaman keçirmək. Lakin bu gözləntilər real imkanlarla üst-üstə düşmədikdə, bayram sevinci psixoloji təzyiqə çevrilə bilər. Bayramın dəyəri onun dəbdəbəli keçirilməsində deyil, insana rahatlıq, yaxınlıq, sevgi və mənəvi məmnunluq gətirməsindədir.
İlin sonunu nələrə nail olmadığımızı sadalamaq dövrü kimi deyil, özümüzə daha anlayışla yanaşmaq fürsəti kimi qəbul etməliyik. Hər kəsin həyat yolu, imkanları və mübarizəsi fərqlidir. Özümüzü başqaları ilə müqayisə etmək əvəzinə, şəxsi inkişafımızı dünənki özümüzlə müqayisədə qiymətləndirmək daha sağlam yanaşmadır.
Əgər sosial şəbəkələrdə gördüklərimiz əhvalımıza mənfi təsir edirsə, istifadə müddətini məhdudlaşdırmaq, rəqəmsal fasilə vermək, öz emosional ehtiyaclarımıza diqqət yetirmək və kiçik uğurlarımızı dəyərləndirmək vacibdir. Özümüzə “Bu il nəyi bacarmadım?” sualından daha çox, “Bu il nələrdən keçdim, nələri öyrəndim, hansı çətinliklərin öhdəsindən gəldim?” sualını vermək özümüzə qarşı daha şəfqətli münasibət formalaşdırır.

Yeni ilə xoşbəxt görünmək məcburiyyətində deyil, özümüzü olduğumuz kimi qəbul edərək daxil olmaq daha vacibdir. İnsanın dəyəri başqalarının uğurları, maddi imkanları və ya sosial şəbəkədə yaratdığı obrazla ölçülmür. Bəzən ən böyük uğur bütün planları həyata keçirmək deyil, yaşadığımız çətinliklərə baxmayaraq, özümüzü itirməmək və həyatımıza davam edə bilməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə