"Azərbaycan 2026-cı ildə milli maraqlara əsaslanan xarici siyasətini davam etdirdi" - ŞƏRH EDİLDİ
"Həqiqətən də 2026-cı il Azərbaycanın həm xarici siyasəti, həm də diplomatik fəaliyyəti baxımından mühüm proseslərlə yadda qaldı. Ölkəmiz bu dövrdə həm regional təhlükəsizlik məsələlərinin həllində, həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında, həm də müxtəlif güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində fəal mövqe nümayiş etdirib".
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu prosesləri Azərbaycanın müstəqil, çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasət strategiyasının davamı kimi qiymətləndirmək olar:
"İlk növbədə, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunan irəliləyiş xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların 2026-cı ildə praktiki müstəvidə inkişaf etdirilməsi regional diplomatiya baxımından mühüm mərhələdir. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyanın avqustun 31-də Bişkekdə, noyabrın 12-də isə Dublində keçirdikləri görüşlərdə sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi-ticarət əlaqələri və etimad quruculuğu məsələləri müzakirə olunub. Xüsusilə TRIPP layihəsinin reallaşdırılması istiqamətində atılan addımlar Cənubi Qafqazın geoiqtisadi mənzərəsini dəyişə biləcək perspektivlər yaradır.
Digər mühüm istiqamət Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsidir. Noyabrın 12-də Dublində Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu baxımdan diqqətəlayiq hadisədir. Sənəd müdafiə və təhlükəsizlik, ticarət, investisiya, bərpaolunan enerji, infrastruktur və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı və ayrı-ayrı Avropa dövlətlərinin rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları sahəsində strateji əhəmiyyətini bir daha ön plana çıxarıb.
Bu diplomatik fəallığın Azərbaycanın regional mövqeyinə verdiyi əsas imkanlardan biri Cənubi Qafqazda yeni iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasında aparıcı iştirakçıya çevrilməkdir. Orta Dəhlizin inkişafı, Xəzər-Qara dəniz bağlantılarının genişləndirilməsi və enerji ixracının şaxələndirilməsi ölkəmizin geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın Ermənistan istiqamətində tranzit imkanlarını genişləndirməsi də sülhün iqtisadi dividendlərinin artıq praktiki müstəvidə formalaşdığını göstərir.
Beynəlxalq müstəvidə isə ölkəmizin artan diplomatik fəallığı bizə müxtəlif siyasi və iqtisadi platformalarda tərəfdaşlarla daha geniş əməkdaşlıq imkanları qazandırır. Bu, ölkəmizin enerji təchizatçısı olmaqla yanaşı, həm də regional təhlükəsizlik, logistika və iqtisadi inteqrasiya məsələlərində mühüm tərəfdaş kimi rolunu gücləndirir.
Beləliklə, 2026-cı ilin indiyədək müşahidə olunan siyasi və diplomatik mənzərəsi Azərbaycanın xarici siyasətində regional sülh, iqtisadi əməkdaşlıq və beynəlxalq tərəfdaşlığın paralel inkişaf etdiyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB