"Pulsuz xidmət əvəzinə sizin məlumatlardan istifadə oluna bilər" - RƏQƏMSAL MÜTƏXƏSSİS

"Pulsuz xidmət əvəzinə sizin məlumatlardan istifadə oluna bilər" - RƏQƏMSAL MÜTƏXƏSSİS

"İstənilən pulsuz sayt, tətbiq və ya başqa bir servis istifadəçidən əldə edə bilmədiyi gəliri, təbii ki, ya reklam vasitəsilə, ya da istifadəçilərin məlumatlarından istifadə etməklə əldə edir".

Bu sözləri rəqəmsal mütəxəssis Vasif Qəhrəmanov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələn, süni intellekt sistemləri var ki, bunlardan pulsuz istifadə etmək mümkündür. DeepSeek, Qwen və daha çox Çin mənşəli modelləri misal göstərmək olar. Bunlar demək olar ki, pulsuzdur, hətta reklam da təqdim etmirlər:

"Yəni siz onlardan ödəniş etmədən istifadə edirsiniz. Bu isə o deməkdir ki, pulsuz xidmətin əvəzində sizin məlumatlarınızdan istifadə oluna bilər. Başqa sözlə, həm süni intellekt sistemi inkişaf edir, həm də ümumi məlumatlar toplanaraq, məsələn, Çin dövləti üçün istifadə edilə bilər.

Bununla yanaşı, Qərbdə də bu modellərin analoqları mövcuddur. Baxmayaraq ki, Google və ChatGPT kimi xidmətlərin ödənişli versiyaları var, onlardan müəyyən limit çərçivəsində bir müddət pulsuz istifadə etmək mümkündür. Limit başa çatdıqdan sonra isə istifadə məhdudlaşdırılır. Lakin burada da nəticə etibarilə şirkətlərin özləri gizlətmirlər ki, istifadəçilərin məlumatlarından süni intellektin inkişafı məqsədilə istifadə edə bilərlər. İndi yerli bazarda da bu tip tətbiqlər ola bilər. Bilirik ki, bəzən tətbiqlərə baxırsan, adi bank tətbiqidir, amma yaddaşda tutduğu yer yarım giqabayta, yəni 500 meqabayta, yaxud 400 meqabayta çatır. Əlbəttə, burada bunun səbəbini tam dəqiq bilə bilmərik. Amma bu tip tətbiqlərdən istifadə etdikdə məlumatlarınızın emal olunması ehtimalını da nəzərə almaq lazımdır.

Təsəvvür edin, söhbət yalnız bankçılıqdan getmir. Müxtəlif təyinatlı tətbiqlər var və həmin tətbiqlərdə sizin məlumatlarınızın hansı məqsədlərlə istifadə oluna biləcəyi məsələsi də aktualdır. Əslində, tam məxfilik deyilən bir şey yoxdur. Yəni dünyanın heç bir nöqtəsində bunu mütləq şəkildə təmin etmək mümkün deyil. Belə olmasaydı, sizin istənilən məlumatınız, istifadə etdiyiniz ödənişli və ya pulsuz servislərdən asılı olmayaraq, emal olunmazdı".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə