Futbol diplomatiyası Azərbaycan-Litva əlaqələrinin inkişafına töhfə verir - Kestutis Budris

Futbol diplomatiyası Azərbaycan-Litva əlaqələrinin inkişafına töhfə verir - Kestutis Budris

Parlament və biznes sahələrində keçirilən görüşlərlə yanaşı, Azərbaycan və Litva arasında futbol diplomatiyası da əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi diqqət çəkir.

SİA xəbər verir ki, bunu Litva Respublikasının xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu axşam keçiriləcək futbol matçı iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır: “Parlament səviyyəsində və biznes sahəsində burada görüşlər keçirilir, lakin bu axşam baş tutacaq futbol oyunu da olduqca vacibdir. Bu hadisə futbol diplomatiyasının praktikada necə işlədiyini nümayiş etdirir”.

Nazir qeyd edib ki, Ceyhun Bayramovla birlikdə matçda iştirak edəcək və qələbə üçün azarkeşlik edəcəklər. O, futbol qarşılaşmasının ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Kestutis Budris Azərbaycan xarici işlər nazirinə əməkdaşlığa və dostluğa görə təşəkkür edib, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə