25 Noyabr – Kəlbəcər şəhəri günü: İşğaldan Zəfərə, Zəfərdən quruculuğa uzanan yol - MƏQALƏ

25 Noyabr – Kəlbəcər şəhəri günü: İşğaldan Zəfərə, Zəfərdən quruculuğa uzanan yol - MƏQALƏ

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və misilsiz təbii sərvətlərə malik dilbər guşələrindən biridir. Əzəmətli dağları, buz bulaqları, sıx meşələri, mineral su ehtiyatları və füsunkar təbiəti ilə seçilən bu diyar xalqımızın milli-mənəvi yaddaşında xüsusi yer tutur. Lakin uzun illər Kəlbəcər torpağı işğalın ağır nəticələri ilə üzləşmiş, doğma yurdlarından didərgin düşən sakinləri öz evlərinə qayıdacağı günü böyük həsrətlə gözləmişlər.​​​​​​​​​1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal edilmişdir. Bu hadisə Azərbaycanın müstəqillik tarixində ən ağır faciələrdən biri kimi yadda qalmışdır. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni abidələrinə ciddi ziyan vurulmuş, minlərlə sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdır. Kəlbəcərin işğalı yalnız bir ərazinin itirilməsi deyil, həm də yüzilliklər boyu formalaşmış həyat tərzinin, ailə ocaqlarının və mədəni irsin böyük zərbə alması idi. Bu ağır və məşəqqətli dövrdə xalqımızın yaddaşında doğma torpaqlara qayıdış arzusu heç zaman sönməmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, nizami ordunun formalaşdırılması, ölkənin iqtisadi və siyasi qüdrətinin artırılması istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası, milli birlik və güclü Azərbaycan ideyası gələcək Zəfərimizin əsasını təşkil etmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu strateji hədəfləri ardıcıl şəkildə həyata keçirərək ölkəmizin hərbi, iqtisadi və diplomatik potensialını gücləndirmişdir.​​​​​​​​2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı 44 günlük Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Rəşadətli ordumuz döyüş meydanında misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Ermənistanın kapitulyasiyası ilə nəticələnən hərbi-siyasi prosesin davamı olaraq 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu, tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin xalqa müraciətində Kəlbəcərin azad olunmasını böyük tarixi hadisə kimi qiymətləndirməsi bu günün xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.​​​​Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edildi. Bu qərar yalnız əlamətdar tarixin rəsmiləşdirilməsi deyil, həm də xalqımızın tarixi yaddaşına, şəhidlərimizin əziz xatirəsinə və Vətən uğrunda mübarizə aparan qəhrəmanlarımızın fədakarlığına ehtiramın ifadəsidir. Bu gün Kəlbəcərdə həyat yenidən canlanır. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Kəlbəcərdə də özünü aydın şəkildə göstərir. Yeni yollar çəkilir, körpülər, elektrik və kommunikasiya xətləri inşa olunur, yaşayış kompleksləri, sosial obyektlər və müasir infrastruktur yaradılır. Rayonun zəngin təbii potensialından səmərəli istifadə edilməsi, turizmin inkişafı, kənd təsərrüfatının və sahibkarlığın dirçəldilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Xüsusilə, Kəlbəcərin məşhur İstisu mineral su ehtiyatlarının yenidən iqtisadi dövriyyəyə cəlb olunması bölgənin gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Ən sevindirici məqamlardan biri isə illərlə doğma yurd həsrəti ilə yaşayan kəlbəcərlilərin öz torpaqlarına qayıdışının başlanmasıdır. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Bu qayıdış təkcə insanların öz evlərinə dönməsi deyil, həm də illərlə yarımçıq qalmış arzuların gerçəkləşməsi, doğma torpaqda yeni həyatın başlanması deməkdir.​​​​​​​​​​​​25 Noyabr – Kəlbəcər şəhəri günü bizə bir daha xatırladır ki, xalqımız ən çətin sınaqlar qarşısında belə öz torpaqlarına, milli kimliyinə və tarixi ədalətə bağlılığını qoruyub saxlamışdır. Bu gün Kəlbəcər artıq işğal və həsrət simvolu deyil, Zəfərin, yenidənqurmanın və Böyük Qayıdışın rəmzidir. Şəhərin hər bir küçəsində aparılan quruculuq işləri, yüksələn yeni binalar və doğma yurda qayıdan insanların sevinci Azərbaycanın gücünü və gələcəyə inamını nümayiş etdirir. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin fədakarlığı xalqımız tərəfindən heç zaman unudulmur. Əminliklə demək olar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığına qovuşan Kəlbəcər bundan sonra da inkişaf edən, abadlaşan və ölkəmizin iqtisadi potensialına mühüm töhfələr verən bölgələrimizdən biri olacaqdır.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə