Bakıda “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilib - YENİLƏNİB/FOTOLAR
Noyabrın 24-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirilib.
SİA xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransın əsas məqsədi qadınların cəmiyyətin inkişafında, tolerant və multikultural dəyərlərin təşviqində, milli-mənəvi dəyərlərin qorunmasında və sosial tərəqqinin təmin olunmasında rolunun artırılması, eləcə də onların ictimai-siyasi, elm və təhsil sahələrində fəal iştirakının dəstəklənməsi olub.
Tədbir çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” və “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzularında panel sessiyaları keçirilib.
Birinci panel sessiyasında çıxış edən ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva qadın intellektinin cəmiyyətə qazandırılması üçün, ilk növbədə, intellektin meyarlarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, sosial mediada qadınların əksər hallarda qurban obrazında təqdim edilməsinin mövcud stereotipləri gücləndirdiyini bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov Azərbaycan qadınının hüquqlarının müdafiəsində qadınların özlərinin fəal rol oynamasının əhəmiyyətini qeyd edib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə XXI əsrin qadın əsri kimi xarakterizə olunmasına diqqət çəkib. O, rəqəmsal texnologiyaların inkişafı fonunda gender simmetriyasının formalaşmasının mühüm məsələlərdən biri olduğunu bildirib. Professor qadın və kişilərin bu prosesdə bərabər iştirak etməli və məsuliyyət daşımalı olduqlarını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə Azərbaycan folklorunda qadın obrazına, ana haqqına və ailə dəyərlərinə xüsusi yer verildiyini bildirib. O, azərbaycanlı qadınların dini tolerantlıq ənənələrinin formalaşmasına verdiyi töhfələrdən danışıb. Bu baxımdan müsəlman qadınların Bakıda Aleksandr Nevski pravoslav kilsəsinin tikintisinə dəstək məqsədilə öz zinət əşyalarını ianə etmələrini tarixi nümunə kimi xatırladıb.
İkinci panel sessiyasında qadınların ictimai-siyasi həyatda daha geniş təmsil olunması və qərar qəbuletmə proseslərində fəal iştirakının təmin edilməsi məsələləri müzakirə olunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov nikah bağlanarkən hüquqların həm qadına, həm də kişiyə aydın şəkildə izah edilməsinin zəruriliyini qeyd edib. O, İslamda və milli adət-ənənələrdə qadına verilən dəyərin bu kimi nümunələrlə cəmiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Nigar Arpadarai isə qadınların kişilərlə rəqabətdən daha çox tərəfdaşlıq münasibətlərinə üstünlük verdiklərini bildirib. O, qızların təhsil almasının, iqtisadi müstəqillik qazanmasının, peşəkar karyera qurmasının və qərar qəbuletmə proseslərində iştirakının vacibliyini diqqətə çatdırıb. Nigar Arpadarai qadınların beynəlxalq münasibətlərə fərqli baxış bucağı gətirə biləcəyini və digər ölkələrin uğurlu təcrübələrinin öyrənilərək yerli şəraitə uyğunlaşdırılmasının əhəmiyyətini qeyd edib.
Panel sessiyalarında gender bərabərliyinin təşviqi, qadınların intellektual potensialından səmərəli istifadə, gənc nəslin tolerantlıq və vətənpərvərlik ruhunda formalaşdırılması, eləcə də qadınların ictimai həyatda rolunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfrans dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi baxımından əhəmiyyət daşıyıb.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB