"Qadınların qərarvermədə iştirakı formal təmsilçiliklə məhdudlaşmamalıdır" - Nigar Arpadarai

"Qadınların qərarvermədə iştirakı formal təmsilçiliklə məhdudlaşmamalıdır" - Nigar Arpadarai

Qadınların cəmiyyətdə və idarəetmədə mövqeyinin güclənməsi üçün əsas məqsəd onlara sadəcə səlahiyyət verilməsi deyil, real qərarvermə prosesində iştiraklarının və məsuliyyət daşımalarının təmin olunmasıdır.

SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” adlı panel sessiyasında deyib.

O bildirib ki, qadınların cəmiyyətdəki rolu Azərbaycan üçün yeni mövzu deyil. Tarixən ölkədə maarifçilikdən tutmuş dövlət quruculuğunadək müxtəlif sahələrdə mühüm xidmətlər göstərmiş qadınlar olub. Azərbaycan qadınlarının seçki hüququ əldə etməsi də bu sahədə ölkənin tarixi nailiyyətlərindən biridir.

Deputat qeyd edib ki, bütün bunlara baxmayaraq, dünya hələ də patriarxal cəmiyyət xüsusiyyətlərini qoruyur və qadınlar qərarverici mövqelərdə arzuolunan səviyyədə təmsil olunmurlar. Onun sözlərinə görə, son 20 ildə qadınların ictimai həyatda iştirakında, o cümlədən avtomobil idarə etməsində ciddi dəyişikliklər müşahidə edilsə də, bu, onların idarəetmədə bərabər mövqeyə çatması demək deyil.

Nigar Arpadarai vurğulayıb ki, qadınların gücü onlara kənardan verilən imkanlarla deyil, öz potensialları, bilikləri və müstəqil qərarvermə bacarıqları ilə ölçülməlidir. O, qadınların kişilərlə rəqib deyil, cəmiyyətin və gələcəyin qurulmasında tərəfdaş olduqlarını bildirib.

Komitə sədrinin müavini qadınların maliyyə müstəqilliyinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, hər bir ailədə qızların təhsil alması və gələcəkdə özlərini maddi baxımdan təmin edə bilməsi vacibdir. Bu, qadınların qərarvermədə iştirakına, karyera qurmasına və zorakılıq halları ilə üzləşmə riskinin azaldılmasına kömək edir.

Deputat qadınların rəhbər vəzifələrdə irəli çəkilməsi üçün bərabər imkanların yaradılmasının, peşəkar inkişaf proqramlarının, mentorluq və təlimlərin, eləcə də beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O əlavə edib ki, digər ölkələrin müsbət təcrübələrindən yararlanmaqla yanaşı, hər bir cəmiyyətin öz inkişaf xüsusiyyətləri də nəzərə alınmalıdır.

Nigar Arpadarai kvota sisteminə münasibətini də açıqlayıb. O bildirib ki, kvotalar qadınların formal və statistik təmsilçiliyini təmin edə bilər, lakin bu, onların real təsir imkanlarına malik olması demək deyil. Deputatın fikrincə, qadınlar rəhbər vəzifələrə cinsiyyətlərinə görə deyil, bilik, bacarıq və peşəkar təcrübələrinə əsasən yüksəlməlidirlər.

O, təhsilin qadınların cəmiyyətdə mövqeyinin güclənməsində əsas amil olduğunu vurğulayaraq, real dəyişiklik üçün qadınların intellektual potensialının inkişaf etdirilməsinin vacibliyini bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə