“Xaricdə təhsil alan gənclər ölkəyə qayıdanda özlərini yeni imkanların iştirakçısı kimi hiss etməlidirlər” - TƏHSİL EKSPERTİ

“Xaricdə təhsil alan gənclər ölkəyə qayıdanda özlərini yeni imkanların iştirakçısı kimi hiss etməlidirlər” - TƏHSİL EKSPERTİ

"Məncə, xaricdə təhsil alan gənclərin ölkəmizə qayıtması və qazandıqları bilikləri Azərbaycan təhsilinə, iqtisadiyyatına və əmək bazarına qazandırması dövlətimizin təhsil siyasətində prioritet istiqamətlərdən biridir və belədə olmalıdır".

Bu barədə təhsil eksperti Əlmusa Atamaliyev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, çünki xaricdə təhsil yalnız diplom əldə etmək və ya fərdi karyera qurmaq vasitəsi kimi qiymətləndirilməməlidir:

"Bu proses, eyni zamanda, ölkəyə yeni elmi yanaşmaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin və innovativ düşüncə tərzinin gətirilməsi üçün mühüm imkandır. Burada əsas məsələlərdən biri gəncləri xaricə göndərməklə işin bitmədiyini anlamaqdır. Əsl nəticə həmin gənclərin qazandıqları bilik və bacarıqları ölkəmizdə tətbiq edə bilməsi üçün şərait yaradıldıqda ortaya çıxır. Təəssüf ki, bəzi hallarda xaricdə yüksək səviyyəli təhsil almış gənclər Azərbaycana qayıtdıqdan sonra öz ixtisaslarına uyğun iş tapmaqda, akademik fəaliyyətə başlamaqda və ya peşəkar potensiallarını reallaşdırmaqda çətinlik çəkirlər. Bu isə insan kapitalının səmərəli istifadəsinə mane olur.

Fikrimcə, ilk növbədə, xaricdə təhsil almış gənclərin ölkəyə qayıdışını stimullaşdıran real mexanizmlər formalaşdırılmalıdır. Bunun üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, xaricdə təhsil alan tələbələrin hələ təhsillərini başa vurmamışdan əvvəl Azərbaycandakı potensial işəgötürənlərlə əlaqələri qurulmalıdır. Onlar üçün dövlət qurumlarında, universitetlərdə, elmi-tədqiqat institutlarında və özəl şirkətlərdə ixtisaslarına uyğun iş imkanları yaradılmalıdır. Xüsusilə də əməkhaqqı, karyera yüksəlişi və peşəkar inkişaf baxımından rəqabətqabiliyyətli mühit formalaşdırılmalıdır.

Digər vacib bir məsələ xaricdə əldə olunan biliklərin ölkənin real ehtiyaclarına uyğunlaşdırılmasıdır. Məsələn, süni intellekt, informasiya texnologiyaları, mühəndislik, kimya, kənd təsərrüfatı, tibb, təhsil menecmenti və digər strateji sahələrdə xaricdə ixtisaslaşmış gənclərin potensialından məqsədyönlü istifadə edilməlidir. Bu şəxslər yalnız mövcud iş yerlərində çalışmaqla kifayətlənməməli, həm də yeni layihələrin hazırlanmasına, elmi tədqiqatların aparılmasına və yerli mütəxəssislərin hazırlanmasına cəlb olunmalıdırlar.
Xüsusilə universitetlərdə xaricdə doktorantura təhsili almış gənclərin elmi-pedaqoji fəaliyyətə cəlb olunması vacibdir. Onların beynəlxalq elmi mühitdə qazandıqları təcrübə, tədqiqat metodları və akademik əlaqələri ali təhsil müəssisələrimizin elmi potensialının gücləndirilməsinə ciddi töhfə verə bilər. Bunun üçün universitetlərdə şəffaf işə qəbul, akademik yüksəliş və elmi fəaliyyətin maliyyələşdirilməsi mexanizmləri təkmilləşdirilməlidir".

"Beynəlxalq təhsil əməkdaşlığı necə genişləndirilməlidir"?

"Beynəlxalq təhsil əməkdaşlığına gəldikdə isə hesab edirəm ki, bu istiqamətdə yalnız tələbə mübadiləsi proqramlarının sayını artırmaqla kifayətlənmək düzgün olmaz. Əməkdaşlıq daha geniş məzmun daşımalıdır. Azərbaycan universitetləri dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarını, birgə elmi tədqiqat layihələrini, professor-müəllim mübadiləsini və ortaq laboratoriyaların yaradılmasını genişləndirməlidir.
Xüsusilə Erasmus+ və digər beynəlxalq akademik mübadilə proqramlarında iştirak imkanları artırılmalıdır. Universitetlərimiz xarici ali təhsil müəssisələri ilə formal memorandumlar imzalamaqla kifayətlənməməli, bu əməkdaşlığın real nəticələrini təmin etməlidirlər. Məsələn, xarici universitetlərin professorları Azərbaycanda mühazirələr keçə, yerli müəllimlər beynəlxalq tədqiqat qruplarına qoşula, doktorantlar isə xarici elmi rəhbərlərlə birgə araşdırmalar apara bilərlər. Bu, beynəlxalq təcrübənin ölkəyə transferini daha əlçatan edər.

Digər tərəfdən, beynəlxalq əməkdaşlıq yalnız ali təhsil müəssisələri ilə məhdudlaşmamalıdır. Elmi-tədqiqat institutları, texnologiya şirkətləri, sənaye müəssisələri və dövlət qurumları da bu prosesə cəlb edilməlidir. Çünki xaricdə əldə olunan nəzəri biliklərin praktik nəticəyə çevrilməsi üçün real istehsalat və tədqiqat mühiti lazımdır.
Burada Azərbaycan diasporunun və xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin potensialından da istifadə etmək mümkündür. Dünyanın müxtəlif universitetlərində və elmi mərkəzlərində çalışan azərbaycanlı mütəxəssislərlə sistemli əlaqələr qurulmalı, onların ölkəmizdə mühazirələr keçməsi, elmi layihələrə rəhbərlik etməsi və gənc tədqiqatçılarla təcrübə mübadiləsi aparması üçün proqramlar hazırlanmalıdır. Hətta ölkəyə daimi qayıtmaq imkanı olmayan mütəxəssislər də distant elmi əməkdaşlıq vasitəsilə Azərbaycan universitetlərinin inkişafına töhfə verə bilərlər".

"Dövlət proqramlarının effektivliyi və yeni yanaşmalar".

"Ölkəmizdə xaricdə təhsilin dəstəklənməsi istiqamətində müəyyən mexanizmlər artıq mövcuddur. Xüsusilə 2022–2028-ci illəri əhatə edən Dövlət Proqramı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almasına və ölkənin prioritet sahələri üzrə mütəxəssislərin hazırlanmasına xidmət edir. Lakin düşünürəm ki, bu proqramların effektivliyi yalnız neçə nəfərin xaricdə təhsil alması ilə ölçülməməlidir. Əsas göstərici həmin məzunların sonradan hansı sahələrdə fəaliyyət göstərməsi, ölkənin inkişafına nə dərəcədə töhfə verməsi və əldə etdikləri bilikləri nə qədər tətbiq edə bilməsidir. Bu məqsədlə xaricdə təhsil almış məzunların vahid məlumat bazasının yaradılması, onların ixtisasları, elmi istiqamətləri və peşəkar təcrübələri üzrə sistemli məlumatların toplanması faydalı olardı. Eyni zamanda, məzunlarla dövlət qurumları, universitetlər və özəl sektor arasında əlaqələndirici platforma yaradılmalıdır. Belə bir mexanizm işəgötürənlərə ixtisaslı kadrları müəyyənləşdirmək, məzunlara isə uyğun iş və tədqiqat imkanları tapmaq baxımından kömək edə bilər.

Digər vacib məqam ondan ibarətdir ki, xaricdə təhsil alan hər bir gəncin mütləq ölkəyə qayıtmasını yalnız inzibati öhdəlik kimi təqdim etmək düzgün yanaşma olmaz. Gənclərin ölkəmizə qayıtması üçün ilk növbədə burada peşəkar inkişaf, layiqli əməkhaqqı, şəffaf karyera imkanları və müasir iş mühiti təmin olunmalıdır. Məqsəd yalnız beyin axınının qarşısını almaq deyil, xaricdə qazanılan biliklərin ölkəyə qayıtmasını, yaxud beynəlxalq əməkdaşlıq vasitəsilə Azərbaycana ötürülməsini təmin etmək olmalıdır. Bu, mahiyyət etibarilə beyin axınından beyin qazancına keçid deməkdir.

Mən hesab edirəm ki, Azərbaycanın gələcək inkişafı yalnız daha çox gəncin xaricdə təhsil alması ilə deyil, həmin gənclərin potensialından ölkə daxilində nə dərəcədə səmərəli istifadə olunması ilə müəyyən ediləcək. Xaricdə təhsil alan gənc Azərbaycana qayıdanda özünü yeni imkanların iştirakçısı kimi hiss etməlidir, mövcud sistemdə özünə yer axtaran mütəxəssis kimi yox. Unutmaq olmaz ki, bir gəncin xaricdə qazandığı bilik yalnız onun şəxsi uğuru deyil, düzgün şərait yaradılarsa, bütöv bir cəmiyyətin inkişafına çevrilə biləcək kapitaldır. Biz gənclərimizi dünyaya açmalıyıq, amma eyni zamanda elə bir Azərbaycan qurmalıyıq ki, onlar qazandıqları təcrübəni məhz öz ölkələrində reallaşdırmağı gələcəkləri üçün ən yaxşı seçim hesab etsinlər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə