“TRIPP marşrutunun həqiqi memarı Azərbaycanın yaratdığı yeni reallıqdır“ -HİKMƏT BABAOĞLU

“TRIPP marşrutunun həqiqi memarı Azərbaycanın yaratdığı yeni reallıqdır“ -HİKMƏT BABAOĞLU

TRIPP marşrutunun həqiqi memarı Azərbaycanın yaratdığı yeni reallıqdır.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp TRIPP marşrutunun praktiki icrasına başlanması münasibətilə etdiyi çıxışda Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü bildirib. O qeyd edib ki, bu mesaj regionda formalaşan yeni münasibətlər sisteminin siyasi əhəmiyyətini bir daha nümayiş etdirir.

Hikmət Babaoğlunun sözlərinə görə, TRIPP marşrutunu yalnız nəqliyyat layihəsi kimi qiymətləndirmək düzgün olmaz. Bu layihə Cənubi Qafqazda son 200 ildə formalaşmış münasibətlər sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

Deputat vurğulayıb ki, Ermənistanın sülhə yönəlməsi, yeni Konstitusiya layihəsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələləri regionda yaranmış yeni reallıqlarla birbaşa əlaqəlidir. Onun fikrincə, bu reallıqların formalaşmasında Azərbaycanın siyasi iradəsi və hərbi gücü həlledici rol oynayıb.

Hikmət Babaoğlu beynəlxalq münasibətlər nəzəriyyəçisi Hans Morgenthau-nun milli güc konsepsiyasına istinad edərək bildirib ki, xalqın potensial gücü yalnız vahid liderin iradəsi ilə reallaşaraq həqiqi gücə çevrilə bilər. O qeyd edib ki, Azərbaycan xalqının potensialı Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu liderlik xətti və Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü nəticələrini ortaya qoyub.

Deputat əlavə edib ki, Azərbaycanın yaratdığı yeni reallıqlar Ermənistanı sülh və əməkdaşlıq mövqeyinə yaxınlaşdırır. O, Ermənistanda keçiriləcək referendumda vətəndaşların konstitusiya dəyişikliklərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Hikmət Babaoğlu çıxışının sonunda qeyd edib ki, regionda davamlı sülhün bərqərar olması Azərbaycan Prezidentinin siyasi iradəsi və formalaşdırdığı yeni regional reallıqlar fonunda mümkün olacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə