Bakıda Albaniyanın Milli Günü qeyd edilib

Bakıda Albaniyanın Milli Günü qeyd edilib

Bakıda Albaniyanın Milli Günü münasibətilə tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasimdə çıxış edən Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ölkələrimiz arasındakı münasibətlərin etimad və qarşılıqlı hörmət üzərində qurulduğunu bildirib.

“2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanı və Cənubi Qafqazda davamlı sülhə doğru atılan hər bir addımı ürəkdən alqışlayırıq”, - səfir vurğulayıb.

O, Albaniyanın Orta Dəhlizi Durres limanı ilə əlaqələndirmək istədiyini əlavə edib.

“Kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində biznes dairələrimizin əməkdaşlıq etməsini, alban şirkətlərinin Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsini və Azərbaycanın Albaniyaya investisiya yatırmasını arzulayırıq. Həmçinin, Hava Xidmətləri haqqında Sazişin tezliklə imzalanacağına ümid edirik. Çünki Bakı ilə Tirana arasında birbaşa uçuş iki ölkəni dostluğumuz qədər yaxın edə bilər”, - səfir bildirib.

Energetika nazirinin müavini Kamal Abbasov enerji sektorunda səmərəli əməkdaşlığın iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu deyib.

“Bu baxımdan, Cənub Qaz Dəhlizinin mühüm komponentlərindən biri olan Trans-Adriatik Boru Kəməri (TAP) çərçivəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Albaniyanın Korça şəhərinin təbii qazla təchiz edilməsi layihəsi strateji enerji tərəfdaşlığımızın genişlənməsinin bariz nümunəsidir.

Bundan əlavə, ilk iclası 2024-cü ildə Bakıda keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ticarət, investisiya, nəqliyyat və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır”, - Kamal Abbasov vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə