“Yeniyetmələrdə miopiyanın qarşısının alınması üçün profilaktik tədbirlər vacibdir“ - PAŞA QƏLBİNUR
“Əvvəllər görmə problemi olmayan uşaqlarda, xüsusilə yeniyetməlik dövründə miopiyanın (yaxından görmə) yaranmasının və inkişafının qarşısının alınması üçün profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi vacibdir. Müasir dövrdə şəhərləşmə, həyat tərzinin dəyişməsi, uşaqların açıq havada daha az vaxt keçirməsi və yaxın məsafədən görmə fəaliyyətinin artması miopiyanın yayılmasına təsir göstərən amillərdəndir”.
Bu fikirləri professor, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Musayev Qəlbinur SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, miopiya zamanı insan uzaqdakı obyektləri aydın görə bilmir və bəzi hallarda xəstəlik tədricən inkişaf edərək görmə qabiliyyətinin ciddi zəifləməsinə səbəb olur:
Son yüz ildə aparılan elmi tədqiqatlar bu problemin qarşısının alınmasında profilaktik tədbirlərin əhəmiyyətini ortaya qoyub.
Professor qeyd edib ki, uşaq bağçalarında və ümumtəhsil məktəblərində görmənin qorunmasına yönəlmiş xüsusi qaydalara əməl olunmalıdır. Dərs otaqlarında düzgün işıqlandırma, uşaqların yaşına uyğun parta və oturacaqlardan istifadə, kitab və dəftərlə göz arasındakı məsafənin qorunması, dərs müddətinin düzgün təşkili mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, uşaqların təmiz havada gəzməsi və müntəzəm idmanla məşğul olması da miopiyanın profilaktikasında vacib amillərdəndir.
P.M.Qəlbinur vurğulayıb ki, ailəsində miopiya olan uşaqlar xüsusi nəzarətdə saxlanılmalı və mütəmadi oftalmoloji müayinələrdən keçirilməlidirlər. Xüsusilə hər iki valideyndə yüksək dərəcəli miopiyanın olması gələcək nəsillərdə bu xəstəliyə genetik meyillilik riskini artıra bilər.
O bildirib ki, uşaqlarda miopiyanın ilkin əlamətləri müşahidə edildikdə vaxt itirmədən peşəkar oftalmoloqa müraciət edilməli və həkim nəzarəti altında müalicə aparılmalıdır. Son illərdə miopiyanın inkişafını ləngitməyə yönəlmiş yeni dərman preparatları və müalicə üsulları da tətbiq olunur.
Professorun sözlərinə görə, yüksək dərəcəli miopiyanın korreksiyasında cərrahi üsullar, o cümlədən lazer texnologiyaları mühüm nailiyyətlər əldə etməyə imkan verir. Bu üsullar uyğun pasiyentlərdə görmənin yaxşılaşdırılmasına, eynəkdən asılılığın azaldılmasına və həyat keyfiyyətinin yüksəldilməsinə kömək edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB