İtaliyanın xarici işlər naziri Bakıya gəlib

İtaliyanın xarici işlər naziri Bakıya gəlib

İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycana səfər edib. SİA xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb. Qeyd edilib ki, o, yüksək səviyyəli görüşlər və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək üçün Bakıya rəsmi səfərə gəlib.

Bildirilib ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani bu gün və sabah bir sıra yüksək səviyyəli rəsmi görüşlər keçirəcək və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək üçün Bakıda olacaq.

İtaliyanın Baş naziri Corciya Meloninin ötən ilin mayında, Prezident Sergio Mattarellanın isə 2025-ci ilin oktyabrında Azərbaycana səfərlərindən sonra baş tutan bu səfər İtaliyanın Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir.

İtaliya XİN-in məlumatında qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazda mühüm aktor, enerji təhlükəsizliyi baxımından isə strateji və etibarlı tərəfdaşdır. Bu əməkdaşlıq Hörmüz boğazındakı böhranın beynəlxalq bazarlara ciddi təsirləri fonunda xüsusi əhəmiyyət kəsb edir.

Antonio Tayani Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, Cənubi Qafqazda sülh və iqtisadi inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesi, eləcə də əsas beynəlxalq məsələlər müzakirə olunacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə