Milli iradə və dövlətçilik yolunda - DEPUTAT

Milli iradə və dövlətçilik yolunda - DEPUTAT

"Böyük alman filosofu İmmanuel Kantın fikirincə güclü dövlətin iki mühüm təminatı mövcuddur - xalq tərəfindən dəstəklənən mütərəqqi ideologiya və bu ideologiyanın daşıyıcısı olan xarizmatik lider".

Bu sözləri SİA-ya aciqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin və siyasi varisi Prezident İlham Əliyevin simasında böyük filosofun fikirlərinin təzahür etdiyinin şahidi oluruq. Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyevdən miras qalmış siyasi təsisatlardan biri də Yeni Azərbaycan Partiyasıdır.

Bu il partiyanın yaradılmasından 34 il keçir. Bu zaman axarında YAP-ın yaradılmasını şərtləndirən şəraiti öyrənməklə onun müasir Azərbaycanın tarixində nə qədər önəmli yer tutduğunu bir daha dərk edirik. Bu hadisələrin mərkəzində dünyaşöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin dayanması ən əsas faktordur.

16 oktyabr 1992-ci ildə Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə mətbuatda müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".

Dövlət müstəqilliyinin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən təkidlə hakimiyyətə dəvət edilməsinin çox səbəbləri var idi. 1970-80-ci illərdə gördüyü böyük işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq missiyası, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə siyasi qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan MSSR adından "sovet sosialist" sözlərinin çıxarılması və sairə onun 1993-cü ildə xilaskarlıq missiyasını da uğurla həyata keçirəcəyinə inamı daha da artırırdı. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə "rəhbərlik" edən "kor" qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini ölkənin çox ağır vəziyyətindən yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev o illər siyasətə qayıtmaq istəyində olmasa da, respublikanın siyasi-ictimai həyatındakı gərgin proseslər onu həddindən artıq narahat edirdi. Real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin sədri xalqın taleyi üçün narahat olan ziyalıların müraciətini cavabsız qoymadı. Beləliklə, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə razılıq verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə manifestidir.

Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etmişdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

24 oktyabr 1992-ci il təqvimini Azərbaycan tarixi üçün ən ağır dönüş nöqtəsi hesab etmək olar. Bu tarixdə hakimiyyətdə olan səriştəsiz AXC-Musavat cütlüyü Heydər Əliyevə qarşı olan xalq sevgisinin yüksələn xətlə inkişaf etməsindən qorxaraq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən çevriliş yolu ilə uzaqlaşdırmağa çalışdılar. Lakin Naxçıvan əhalisinin hiddət və qəzəbi bu məsləyə birmənalı şəkildə son qoydu. Artıq hakimiyyətdəki qüvvələr Heydər Əliyevə qarşı olan xalq sevgisinin qarşısının alınmasının mümkün olmadığını anladılar.

Heydər Əliyev isə artıq bundan sonra xalqı təmsil edən ziyalıların səsinə səs verərək Azərbaycanın siyasi palitrasına yeni bir partiyanın gəlməsinə razılıq verməyin zəruri olduğunu hiss etdi. Heydər Əliyevin yeni partiyanın yaradılmasına razılıq verməsi hadisələri sürətləndirdi. Artıq Heydər Əliyevi müdafiə edən siyasi qüvvələr yeni yaradılmış partiya ətrafında birləşməyə başladılar.

Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın siyasi həyatında canlanma yaratdı. Lakin yenə də maneələr davam edirdi. Amma YAP-ı siyasi sferada məhdudlaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu. Artıq geniş xalq kütləsi böyük siyasət adamının meydanda olmasını sevinclə qarşılayır və gələcəyə ümidləri artırdı. Xalq Yeni Azərbaycan Partiyasını geniş şəkildə dəstəkləməyə başladı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır". Yeni Azərbaycan Partiyası Heydər Əliyev dühasına fokuslansa da, geniş xalq kütlələrinin səsi sosial sifariş idi. Heydər Əliyev bu barədə demişdir: "Çıxışlarda tamamilə düzgün qeyd edildi ki, bu partiyani bir adam yox, o illərdə Azarbaycanın agır vəziyyətini görən, buna dözə bilməyən va bu agir vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalılar hamısı birlikdə yaradıblar".

Yeni Azərbaycan Partiyasının yaradılması Heydər Əliyevə qarşı təzyiqlərin daha da artmasına səbəb oldu. Hətta səriştəsiz cəbhə hakimiyyəti təmsilçiləri təhdidlər səsləndirməkdən də çəkinmirdilər. Belə təhdidlərdən biri Naxçıvan Muxtar Respublikasının statusunu ləğv etməklə Heydər Əliyevi hakimiyyətdən devirmək cəhdi idi. Əlbəttə, bu cür səviyyəsiz təhdidlər nə Ümummilli Lider Heydər Əliyevi, nə də onun tərəfdarlarını qorxuda bilərdi. Hələ Yeni Azərbaycan Partiyasının siyasi təşkilat kimi formalaşmadığı bir vaxtda 7 dekabr 1992-ci il tarixində professor Z.Qaralovun sədrliyi ilə Naxçıvan Respublikasının dövlət quruculuğunun və Muxtar Respublika Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevin müdafiə komitəsi yaradıldı. AMEA-nın binasında akademik Z.Bünyadovun sədrliyi ilə keçirilən iclasın canlı şahidi kimi həmin dövrün emosional vəziyyəti ziyalıların narahatçılığı və həyəcanı indi də gözlərimin qarşısındadır. Həmin tarixi qərarda deyilirdi: "Naxçıvan Muxtar Respublikasına qarşı təcavüzə, Respublika Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevə qarşı böhtan və hədələrə qəti şəkildə son qoymaq məqsədi ilə xüsusi qurum - Naxçıvan MR dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevin hüquqlarının qorunması üzrə Müdafiə Komitəsi yaradılsın." Bu fikirlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının dövlət quruculuğunun və şəxsən Heydər Əliyevin hansı təhlükə qarşısında olduğunu hiss etməmək mümkün deyil. Müdafiə Komitəsi az müddətdə işçi qrupları formalaşdırdı. Görüləcək işlərin istiqamətləri bunlardan ibarət idi: təşkilati-operativ işlər, təbliğat, kütləvi informasiya və kütləvi tədbirlər üzrə işlər, ictimai-siyasi təşkilatlar və hərəkatlarla əlbir iş, beynəlxalq insan hüquqları müdafiəsi qurumları ilə əlaqə, vacib sənədlərin hazırlanması, millət vəkilləri və gənclərlə iş, yerlərdə müdafiə özəkləri yaratmaq. Komitənin üzvlərinin hər birinə konkret iş sahəsi tapşırıldı və icrasına ciddi nəzarət qoyuldu. Komitə az müddətdə xeyli iş gördü.

O vaxt biz gənclər həm dahi siyasətçinin yaş senzinə qarşı mitinqlərin təşkil olunması, həm də yeni yaranmış siyasi təşkilata gənclərin cəlb edilməsi ilə məşğul olurduq.

Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan yaratdı. Azərbaycan xalqının Heydər Əliyevə göstərdiyi yüksək etimad YAP-ın qısa zamanda təşkilatlanmasına, ölkənin bütün regionlarında dayaqlarının yaranmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Xalqın inamı və sevgisi nəticəsində partiyanın yaradılmasından 7 ay sonra Heydər Əliyev siyasi hakimiyyətə gəldi.

Yeni Azərbaycan Partiyası həm də siyasi varisliyin ən gözəl nümunəsidir. Layiqli varis İlham Əliyev bütün platformalarda olduğu kimi, partiya fəaliyyətində də Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini və partiyanın monolitliyini qoruyub saxladı. Bütün bunlar dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı idi. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev bu barədə deyib: "Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi".

1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə Ulu Öndər bildirmişdir: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik".

Heydər Əliyevin siyasi mirasları arasında, şübhəsiz ki, YAP da var. Möhkəm təməllər üzərində qurulmuş bu təsisatı yalnız böyük dövlət adamı İlham Əliyev irəli apara bilərdi. Uğurlu siyasi varis bütün parametrlər üzrə bu siyasi təşkilatı daha da inkişaf etdirdi. 44 günlük Zəfər müharibəsində, antiterror əməliyyatında digər taleyüklü məsələlərdə partiya bütün gücünü səfərbər edərək dövlət başçısının yanında oldu. Sonuncu qurultayda partiya Sədri İlham Əliyevin çıxışı onun dünya siyasi liderləri içərisində böyük nüfuz sahibi olduğunu göstərdi.

YAP-ın Sədri cənab İlham Əliyev təşkilatın sonuncu qurultayında çıxışında dedi: "Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.

Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII Qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu".

Bəli, artıq Azərbaycan Respublikası orta güc dövlətinə çevrilib. Bu uğurun təməlini isə böyük dövlət adamı, Ümummilli Lider Heydər Əliyev qoyub və siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün gücü ilə hədəfə çatdırıb. Yeni Azərbaycan Partiyası bütün hallarda dövlətimizin yanında olmaqla uğurlara öz töhfəsini verib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə