Arxeoloji qazıntılar Azərbaycanın şəhər mədəniyyətinin tarixinin dərindən öyrənilməsinə imkan yaradır
Quba Soyqırımı Memorial Kompleksində keçirilən elmi seminarda “Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti: yeni tapıntılar kontekstində” mövzusu müzakirə olunub.
SİA xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Quba şəhərində Soyqırımı Memorial Kompleksi, Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə keçirilən seminarda aparılan elmi-tədqiqat işləri, tarixi abidələrin qorunması və bərpası istiqamətində görülən tədbirlər, həmçinin erkən şəhər mədəniyyətinin öyrənilməsində gənc tədqiqatçıların və tələbələrin rolundan ətraflı danışılıb.
Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova şimal-şərqi Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından elmi seminarların, birgə arxeoloji tədqiqatların, muzeylərlə təhsil müəssisələri arasında əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. O, bölgədə aparılan arxeoloji qazıntıların Azərbaycanın qədim şəhər mədəniyyətinin tarixinin daha dərindən öyrənilməsinə imkan yaratdığını qeyd edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini Mürvət Əliyev tarixi-mədəni irsin tədqiqi və təbliğində elmi müəssisələrlə ali təhsil ocaqları arasında əməkdaşlığın əhəmiyyətindən, tələbələrin bu prosesə cəlb olunmasının vacibliyindən bəhs edib.
Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva bölgənin zəngin arxeoloji irsinin qorunması, tarixi abidələrin tədqiqi və təbliği istiqamətində görülən işlərdən danışaraq, bu sahədə birgə elmi fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Arxeologiya və Antropologiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov son arxeoloji tədqiqatların nəticələri, yeni aşkar edilmiş yaşayış məskənləri, müdafiə istehkamları və maddi-mədəniyyət nümunələri haqqında məlumat verib. O, yeni tapıntıların bölgədə erkən şəhər mədəniyyətinin inkişaf mərhələlərini daha dəqiq müəyyənləşdirməyə imkan verdiyini diqqətə çatdırıb.
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi Laçın Mustafayev “Şimal-şərqi Azərbaycanın erkən şəhər mərkəzlərində aşkar edilmiş maddi-mədəniyyət nümunələri” mövzusunda məruzə ilə çıxış edib.
Sonda elmi müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB