“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır“ -MİLLƏT VƏKİLİ
“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Çünki bu partiya dünən xalqımızın taleyüklü bir dövründə tarixi zərurətdən yaranıb, bu gün müstəqil Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayır və gələcəkdə də ölkəmizin tərəqqisinə, milli birliyimizin möhkəmlənməsinə xidmət etmək missiyasını davam etdirəcək”.
Bu sözləri SİA -ya açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, YAP dünənin partiyasıdır – dövlətçiliyin qorunması və müstəqilliyin möhkəmləndirilməsi
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb:
”Partiyanın yaranması ölkəmizin son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir dövrə təsadüf edirdi. Müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, dövlət idarəçiliyindəki böhran, torpaqlarımızın işğalı və cəmiyyətdə hökm sürən qeyri-sabitlik xalqın müdrik və təcrübəli liderə ehtiyacını daha da artırmışdı.
Təsis olunmasından cəmi bir il keçməmiş Yeni Azərbaycan Partiyasının sədri, Ümummilli Lider Heydər Əliyev ölkədə yaranmış ağır vəziyyətdən çıxış yolu kimi hakimiyyətə dəvət olundu. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı ölkənin idarə edilməsində yaranmış böhranın öhdəsindən gələ bilmədi və hakimiyyət dəyişiklikləri baş verdi.
Əslində, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin qarşılaşdıqları çətinliklər dövlət idarəçiliyinin nə qədər böyük məsuliyyət və təcrübə tələb etdiyini göstərirdi. Dövlətə rəhbərlik etmək yalnız siyasi hakimiyyətə sahib olmaq deyil. Bu, ölkənin təhlükəsizliyini təmin etmək, milli maraqları qorumaq, iqtisadiyyatı inkişaf etdirmək, xalqın rifahını yüksəltmək və gələcəyə hesablanmış qərarlar qəbul etmək bacarığıdır.
1993-cü ildə Azərbaycanın vəziyyəti son dərəcə ağır idi. Bir tərəfdən torpaqlarımız sürətlə işğal olunur, digər tərəfdən ölkədə hakimiyyət uğrunda silahlı mübarizə gedir, cəmiyyətdə siyasi və sosial qarşıdurmalar dərinləşirdi. Gənc müstəqil dövlətimizin parçalanması təhlükəsi real xarakter almışdı. Belə bir şəraitdə ölkənin gələcəyini düşünən vətəndaşların tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı zərurətə çevrildi.
1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Sonrakı mərhələdə dövlət başçısının səlahiyyətlərini də həyata keçirməyə başladı. Məhz bu tarixi hadisə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. İyunun 15-nin Milli Qurtuluş Günü kimi qeyd edilməsi də bu qayıdışın tarixi əhəmiyyətinin ifadəsidir.
Həmin dövrdə dövlət quruculuğunun ən mühüm istiqamətlərindən biri müstəqil Azərbaycanın hüquqi əsaslarının yaradılması idi. Müstəqilliyini bərpa etmiş Azərbaycan hələ də sovet dövründə qəbul olunmuş konstitusion normaların təsirindən tamamilə xilas olmamışdı. Yeni dövlətin idarəçilik sistemini, vətəndaşların hüquq və azadlıqlarını, hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən edən müasir Konstitusiyaya ehtiyac var idi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi.
Konstitusiyada Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsbit olundu. Dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğu bəyan edildi, insan hüquq və azadlıqları, vətəndaşların qanun qarşısında bərabərliyi, milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olması fundamental prinsiplər kimi müəyyənləşdirildi. Beləliklə, müstəqil Azərbaycan dövlətinin hüquqi və institusional quruculuğunun möhkəm təməli qoyuldu.
Yeni Azərbaycan Partiyasının və qarşıya qoyulan dövlətçilik strategiyasının qarşısında böyük vəzifələr dayanırdı. Bu vəzifələr sırasında Ermənistanın hərbi təcavüzünün dayandırılması, ərazi bütövlüyümüzün qorunması, dövlət idarəetmə sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın bərpası, beynəlxalq münasibətlər sisteminə inteqrasiya, siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, güclü və peşəkar ordunun formalaşdırılması, nəhayət, torpaqlarımızın işğaldan azad edilməsi xüsusi yer tuturdu.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti və siyasi iradəsi sayəsində bu istiqamətlərdə mühüm nəticələr əldə edildi. Ölkədə sabitlik təmin olundu, dövlət institutları formalaşdırıldı, iqtisadi inkişafın təməlləri yaradıldı və Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndirildi.
Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqların, etnik və dini qrupların nümayəndələrini vahid dövlətçilik ideyası ətrafında birləşdirən mühüm mənəvi-siyasi platformaya çevrildi. Milli birlik, həmrəylik və multikultural dəyərlər müstəqil Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərindən biri oldu.
2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edən, 2021-ci ildən Yeni Azərbaycan Partiyasının sədri olan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirir. Möhkəm təməllər üzərində qurulmuş müstəqil Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bu siyasətin ən mühüm nəticələrindən biri torpaqlarımızın işğaldan azad edilməsidir. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi. Şuşanın azad olunması və üçrəngli dövlət bayrağımızın şəhərimizdə dalğalanması xalqımızın yaddaşına əbədi həkk olundu.
Beləliklə, Yeni Azərbaycan Partiyasının və dövlətimizin qarşısında dayanan ən mühüm tarixi vəzifələrdən biri – ərazi bütövlüyümüzün bərpası istiqamətində böyük tarixi nailiyyət əldə edildi. Sonrakı mərhələdə Azərbaycanın suverenliyinin bütün ərazilərimizdə təmin olunması ilə dövlətçilik tariximizin yeni səhifəsi açıldı.
Bu hadisələr YAP-ın fəaliyyətində də yeni mərhələnin başlanmasını zəruri edirdi. Çünki dəyişən siyasi və geosiyasi reallıqlar, yeni hədəflər partiyanın təşkilati və ideoloji fəaliyyətinin də müasirləşdirilməsini tələb edirdi.
2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyev geniş nitqlə çıxış edərək qarşıda duran yeni vəzifələri müəyyənləşdirdi. Qurultayda partiyanın yeni Nizamnaməsi və Proqramı qəbul edildi, təşkilati strukturunda islahatlar aparıldı. 40 nəfərdən ibarət İdarə Heyəti, 35 nəfərdən ibarət Veteranlar Şurası və 13 nəfərdən ibarət Təftiş Komissiyası formalaşdırıldı.
İşğaldan azad olunmuş ərazilərimizdə Böyük Qayıdış prosesinin başlanması, Birinci Dövlət Proqramının həyata keçirilməsi, infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı yeni dövrün əsas prioritetlərinə çevrildi. YAP bu prosesdə də öz siyasi və ictimai fəaliyyətini dövlətin müəyyən etdiyi strateji hədəflərə uyğun qurdu.
Beləliklə, Yeni Azərbaycan Partiyası dünənin partiyası olaraq Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması kimi tarixi mərhələlərdə mühüm siyasi missiya həyata keçirdi.
YAP bu günün partiyasıdır – nailiyyətlərin qorunması və inkişaf strategiyası
Yeni Azərbaycan Partiyası həm də bu günün partiyasıdır. Çünki onun siyasi fəaliyyəti yalnız keçmiş nailiyyətlərin qorunması ilə məhdudlaşmır. Partiya qarşıya qoyulan yeni iqtisadi, sosial, siyasi və təhlükəsizlik çağırışlarına uyğun fəaliyyət göstərməli, əldə edilmiş nəticələrin daha da möhkəmləndirilməsinə töhfə verməlidir.
Ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolunu, xüsusilə 1993-cü ildən sonrakı dəyişiklikləri qiymətləndirmək üçün iqtisadi göstəricilərə müraciət etmək kifayətdir.
Bu günlərdə Milli Məclisdə Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunur. Büdcə layihəsində nəzərdə tutulduğuna görə, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat, xərcləri isə 42,4 milyard manat təşkil edəcək. Bu rəqəmlər ölkəmizin müstəqillik tarixində dövlət büdcəsinin ən böyük nominal göstəriciləri sırasındadır.
Digər makroiqtisadi göstəricilər də Azərbaycanın iqtisadi potensialının əhəmiyyətli dərəcədə artdığını göstərir. Ölkənin strateji valyuta ehtiyatları təxminən 89,5 milyard ABŞ dolları, orta aylıq əməkhaqqı 1169 manat, minimum pensiya 320 manat səviyyəsindədir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti təxminən 5,4 faiz, xarici dövlət borcunun ümumi məbləği isə 4,5 milyard dollar civarındadır. İnflyasiya təxminən 5,5 faiz, adambaşına düşən nominal ÜDM isə 8500 ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Bundan əlavə, dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri olaraq minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu siyasətin əsas məqsədi iqtisadi inkişafın nəticələrinin əhalinin rifahında daha aydın hiss olunmasını təmin etməkdir.
Ən mühüm nailiyyətlərimizdən biri isə ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasıdır. Azərbaycan bu gün qalib dövlət kimi regionda yeni siyasi və geosiyasi reallıqların formalaşmasında iştirak edir, sülh gündəliyini irəli aparır.
Bəs 1993-cü ildə Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldiyi zaman ölkəmizin iqtisadi və sosial vəziyyəti necə idi?
Həmin dövrün statistik göstəricilərinə nəzər saldıqda iqtisadiyyatın nə qədər ağır böhran şəraitində olduğunu görürük. 1993-cü ildə Azərbaycanın real ÜDM-i əvvəlki illə müqayisədə təxminən 23 faiz azalmış, inflyasiya üçrəqəmli və hətta dördrəqəmli səviyyəyə yüksələrək 1129%-i keçmişdi. Sənaye və kənd təsərrüfatında istehsal kəskin şəkildə aşağı düşmüş, dövlət büdcəsində ciddi kəsir yaranmışdı. Adambaşına düşən ÜDM təxminən 180–210 ABŞ dolları səviyyəsində qiymətləndirilirdi. Xarici borc və valyuta ehtiyatları ilə bağlı imkanlar da son dərəcə məhdud idi.
Bununla yanaşı, ölkə ərazisinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüşdü. Cəmiyyətdə qeyri-müəyyənlik, sosial narahatlıq və gələcəyə inamsızlıq hökm sürürdü. Dövlətin siyasi və iqtisadi müstəqilliyinin qorunması belə ciddi təhlükələrlə üzləşmişdi.
Bu günlə həmin dövr arasında müqayisə apararkən yalnız rəqəmlərin artımına deyil, dövlətin institusional imkanlarının, iqtisadi potensialının, beynəlxalq mövqeyinin və təhlükəsizlik sisteminin dəyişməsinə də diqqət yetirmək lazımdır.
1993-cü ildə ağır böhranla üzləşmiş Azərbaycan bu gün böyük valyuta ehtiyatlarına, inkişaf etmiş enerji sektoruna, müasir infrastruktur layihələrinə, güclü orduya və regional miqyasda mühüm siyasi mövqeyə malik dövlətdir. Əlbəttə, qarşıda hələ də həllini gözləyən iqtisadi və sosial məsələlər, yeni inkişaf çağırışları mövcuddur. Lakin ötən dövr ərzində əldə edilmiş dəyişikliklərin miqyası danılmazdır.
Bütün bu göstəricilər Azərbaycanın keçdiyi inkişaf yolunun, dövlət quruculuğu prosesinin və iqtisadi potensialının dəyişməsinin mühüm mənzərəsini yaradır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının siyasi tariximizdəki rolunu, dövlətçilik strategiyasının formalaşmasında iştirakını və qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına verdiyi töhfəni xüsusi qeyd etmək lazımdır.
550 nəfərin iştirakı ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası bu gün 770 minə yaxın üzvünü birləşdirən böyük siyasi təşkilata çevrilib. Bu fakt partiyanın təşkilati inkişafını, ictimai-siyasi həyatdakı mövqeyini və geniş üzvlük bazasını əks etdirir.
YAP gələcəyin partiyasıdır – yeni hədəflər və yeni çağırışlar
Yeni Azərbaycan Partiyası dünənin tarixi sınaqlarından keçmiş, bu günün nailiyyətlərinə töhfə verən və gələcəyin çağırışlarına hazır olmalı olan siyasi təşkilatdır.
Azərbaycanın qarşısında duran vəzifələr artıq yeni mərhələnin reallıqları ilə müəyyənləşir. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın uğurla başa çatdırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, rəqəmsal transformasiya, innovasiyaların tətbiqi, insan kapitalının gücləndirilməsi və sosial rifahın yüksəldilməsi gələcək inkişaf strategiyasının əsas istiqamətləridir.
Eyni zamanda, ölkəmizin hərbi və müdafiə qüdrətinin daha da artırılması, informasiya və ideoloji təhlükəsizliyin qorunması, milli maraqların müdafiəsi, gənclərin dövlətçilik ruhunda yetişdirilməsi və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi də mühüm vəzifələr olaraq qalır.
Yeni Azərbaycan Partiyasının qarşısında dayanan əsas məqsədlərdən biri də müasir dövrün tələblərinə cavab verən siyasi təşkilat kimi fəaliyyətini davam etdirmək, cəmiyyətlə əlaqələrini daha da gücləndirmək və dövlətin inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etməkdir.
Azərbaycançılıq ideologiyası, milli birlik və həmrəylik, dövlətçilik maraqlarına sədaqət və xalq-iqtidar birliyi bu fəaliyyətin əsas ideoloji dayaqlarıdır. Dövlətimizin gücü, xalqımızın birliyi və milli maraqlarımızın qorunması Dəmir Yumruğun daim möhkəm olmasının başlıca şərtləridir.
Partiyanın gələcək fəaliyyəti həm də dəyişən dünyanın reallıqlarına uyğunlaşmağı, yeni nəsil siyasi düşüncəni, müasir idarəetmə yanaşmalarını və cəmiyyətin gözləntilərinə çevik münasibəti tələb edir. Bu mənada YAP-ın gələcək missiyası yalnız əldə edilmiş nailiyyətləri qorumaq deyil, həm də Azərbaycanın davamlı inkişafına yeni töhfələr verməkdir.
Bəli, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən dövlətçiliyimizin qorunması naminə tarixi zərurətdən yarandı, bu gün müstəqil Azərbaycanın inkişafında iştirak edir, gələcəkdə isə ölkəmizin daha güclü, daha qüdrətli və daha firavan olması üçün üzərinə düşən siyasi missiyanı davam etdirməlidir.
Bizim gücümüz milli birliyimizdə, həmrəyliyimizdə, dövlətçiliyimizə sədaqətimizdə və gələcəyə inamımızdadır. Qarşıda bizi yeni hədəflər, yeni vəzifələr və yeni nailiyyətlər gözləyir.
Biz birlikdə daha güclüyük və gələcəyə inamla addımlayırıq!
Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü münasibətilə bütün partiya üzvlərini və tərəfdarlarını təbrik edirəm!
Bayramımız mübarək”!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB