Azərbaycan–Vyetnam münasibətləri təxminən yetmiş illik tarixə malikdir və bu gün strateji tərəfdaşlıq səviyyəsindədir - MİLLƏT VƏKİLİ

Azərbaycan–Vyetnam münasibətləri təxminən yetmiş illik tarixə malikdir və bu gün strateji tərəfdaşlıq səviyyəsindədir - MİLLƏT VƏKİLİ

"Münasibətlərin təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlıqda əsl sıçrayış oldu".

Bu sözləri SİA-ya aciqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Ümummilli Liderin təşəbbüsü ilə səfər səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan verdi. 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Prezident Çıonq Tan Şanqın cavab səfəri baş tutdu:

"Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri (2025-ci ilin may ayı) münasibətlərdə yeni mərhələ açdı. Danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş spektri əhatə etdi, Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olundu. Hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları və iki ölkənin hakim partiyaları arasında da əməkdaşlıq davam edir. Ölkələr BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində də yaxın qarşılıqlı fəaliyyət göstərir.

2025-ci ildə ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bu göstəricinin hələ real imkanları əks etdirmədiyini düşünürəm.

Neft sektoru tarixən əməkdaşlığın əsasını təşkil edir. 2025-ci ildə SOCAR və PetroVietnam arasında imzalanan Anlaşma Memorandumu kəşfiyyat, işlənmə, texniki xidmətlər və mütəxəssis hazırlığını əhatə edir.

Vyetnamın “ROX Group” şirkəti tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrində maraqlıdır. Şirkətlə sənədlər 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.

2026-cı ilin yanvar–sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Orta Dəhliz və “Şimal–Cənub” dəhlizi Vyetnamdan Avropaya yüklərin daşınması üçün imkanlar açır.

Heydər Əliyev Fondu Vyetnamla humanitar əlaqələrin dərinləşməsində fəal rol oynayır. Fond Ha Giang əyalətində ibtidai məktəb tikib və təhsil proqramlarını dəstəkləyir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı rəhbərlərlə və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.

Təhsil əlaqələrinin tarixi də zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağı açılıb. Bu, görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib. Bu gün Vyetnam nümayəndələri Qoşulmama Hərəkatı üzvü ölkələrin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak edə bilirlər.

Mədəni əlaqələr də on illərə söykənir. Qara Qarayev 1955-ci ildə ilk Sovet–Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib. Rejissor Əjdər İbrahimov 1959–1962-ci illərdə Vyetnamda yaşayıb, milli kino məktəbinin formalaşmasına kömək edib. Onun “Vyetnamda gördüklərim” kitabı Vyetnam dilinə tərcümə olunub və bu il Hanoyda təqdim edilib. 2026-cı ildə keçirilən dördüncü Vyetnam Günləri ilk dəfə iki şəhəri, Bakını və Qəbələni əhatə edib. Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusu da Azərbaycanda nəşr olunub.

Azərbaycan 2024-cü ildə “Yaqi” fırtınasının və 2025-ci ildəki daşqınların nəticələrini aradan qaldırmaq üçün Vyetnama maliyyə yardımı göstərib.

Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və energetika mərkəzidir. Tərəflər birgə layihələr, yeni bazarlara çıxış və investisiya imkanlarının genişləndirilməsi üçün böyük potensial görür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri zamanı baş tutan yük səviyyəli görüşlər və imzalanmış sənətlər tərəfdaşlığın dərinləşdirilməsində növbəti mühüm addım kimi tarixdə qalacaq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə