"Ağdamın dirçəlişi Azərbaycanın tarixi Zəfərinin və quruculuq gücünün təcəssümüdür" - DEPUTAT

"Ağdamın dirçəlişi Azərbaycanın tarixi Zəfərinin və quruculuq gücünün təcəssümüdür" - DEPUTAT

"Bu gün, 20 noyabr tarixini Ağdam Şəhəri Günü kimi qeyd edirik. Ağdam Şəhəri Günü Azərbaycanın qazandığı möhtəşəm Zəfərin, eyni zamanda, ölkəmizin əldə etdiyi uğurların bariz təcəssümüdür. Bu uğurlar təkcə döyüş meydanında qazanılan Qələbə ilə məhdudlaşmır. Uzun illər işğal altında saxlanılaraq dağıdılmış, yerlə-yeksan edilmiş Ağdamın qısa müddət ərzində genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində yenidən dirçəldilməsi də Azərbaycanın gücünü və iradəsini nümayiş etdirir".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, bildiyiniz kimi, Ermənistanın işğalı dövründə Ağdam şəhəri demək olar ki, tamamilə dağıdılmışdı. Şəhərdə salamat qalan yeganə tarixi tikili Ağdam Cümə məscidi idi:

"Lakin ermənilər məscidin minarələrindən müşahidə məqsədilə istifadə etmiş, ibadət məkanının daxilində heyvan saxlamaqla Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, dini hisslərinə və mənəviyyatına hörmətsizlik etmişdilər. Əbəs yerə Ağdam şəhəri «Qafqazın Xirosiması» adlandırılmırdı.

Bu gün isə biz tamam başqa mənzərənin şahidiyik. Bir zamanlar «Qafqazın Xirosiması» kimi tanınan Ağdam artıq müasir şəhərsalma mədəniyyətinin, memarlığın və quruculuğun nümunəsinə çevrilir. Ağdamın keçmiş görkəmini bərpa etməklə yanaşı, müasir şəhər infrastrukturu, yaşayış kompleksləri və yeni ictimai məkanlar yaradılır. Bu, Azərbaycanın öz torpaqlarında necə böyük quruculuq işləri həyata keçirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirir.

Ağdam hər zaman Qarabağın ən böyük və inkişaf etmiş yaşayış məntəqələrindən biri, bölgənin mühüm iqtisadi, ticarət və sənaye mərkəzi olub. Şəhər Qarabağın dağlıq hissəsinə açılan əsas qapılardan biri kimi mühüm strateji və iqtisadi əhəmiyyət daşıyıb. Sovet dövründə də Ağdam Azərbaycanın ən inkişaf etmiş və gözəl şəhərlərindən biri kimi tanınıb. Təəssüf ki, Ermənistanın işğalı nəticəsində bu gözəl şəhər tamamilə dağıdıldı, onun tarixi və iqtisadi potensialına ağır zərbə vuruldu.

Lakin Azərbaycan xalqı və dövləti bütün dünyaya sübut etdi ki, əsl torpaq sahibi öz yurdunu yenidən qurmağı, ona əvvəlki gözəlliyini qaytarmağı bacarır. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir memarlıq üslubunda inşa olunan binalar və şəhər infrastrukturu bunun əyani göstəricisidir. Ağdama səfər edən xarici qonaqlar da şəhərin qısa müddətdə necə böyük inkişaf yolu keçdiyinin şahidi olurlar.

Bu baxımdan, Ağdam Şəhəri Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. Bir zamanlar dağıntılar içərisində olan Ağdam bu gün Azərbaycanın Zəfərinin, gücünün, iradəsinin və quruculuq əzminin rəmzinə çevrilib. İnanıram ki, Ağdam öz tarixi şöhrətini yenidən qazanacaq, mədəniyyəti, memarlığı və müasir siması ilə Qafqazın ən gözəl şəhərlərindən biri kimi tanınacaq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə