"Sığorta şirkəti müəyyən müddət ərzində kreditin aylıq ödənişlərini qarşılaya bilər" - İQTİSADÇI

"Sığorta şirkəti müəyyən müddət ərzində kreditin aylıq ödənişlərini qarşılaya bilər" - İQTİSADÇI

"İşini itirən şəxsin kredit öhdəliklərinin sığorta şirkəti tərəfindən qarşılanması onun kredit müqaviləsi ilə yanaşı, bağladığı sığorta müqaviləsinin şərtlərindən asılıdır. Əgər borcalan kredit götürərkən işsizlik riskini əhatə edən sığorta təminatı əldə edibsə və işini müqavilədə nəzərdə tutulan hallarda, məsələn, işəgötürənin təşəbbüsü ilə və özündən asılı olmayan səbəblərdən itiribsə, sığorta şirkəti müəyyən müddət ərzində kreditin aylıq ödənişlərini qarşılaya bilər".

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, lakin bütün kredit sığortaları işsizlik riskini əhatə etmir. Bəzi müqavilələrdə öz ərizəsi ilə işdən çıxma, əmək intizamının pozulması və digər hallar sığorta təminatından kənarda saxlanılır. Buna görə də sığorta müqaviləsinin şərtləri diqqətlə araşdırılmalıdır:

"Bankın borcalana güzəşt və ya ödəniş möhləti verməsinə gəlincə, işin itirilməsi avtomatik olaraq belə bir hüquq yaratmır. Yəni bankın bütün hallarda kredit ödənişlərini dayandırmaq və ya borcu təxirə salmaq öhdəliyi yoxdur. Ancaq borcalan işini itirdiyini və hazırda ödəniş qabiliyyətinin zəiflədiyini təsdiqləyən sənədlərlə banka müraciət edə bilər. Bank onun müraciətini nəzərə alaraq kredit müddətinin uzadılması, aylıq ödənişlərin azaldılması və ya müəyyən müddətə möhlət verilməsi barədə qərar qəbul edə bilər. Əsas məsələ borcalanın vəziyyətini gizlətməməsi və ödənişlər gecikmədən bankla əlaqə saxlamasıdır. Çünki gecikmələr artdıqca həm borc yükü, həm də hüquqi və maliyyə riskləri yüksələ bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə