Azərbaycanın xarici siyasətində yeni strateji tərəfdaşlıq mərhələsi - MƏQALƏ

Azərbaycanın xarici siyasətində yeni strateji tərəfdaşlıq mərhələsi - MƏQALƏ

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzunmüddətli dostluq, qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri əsasında formalaşaraq bu gün çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında əlaqələrin inkişafı Azərbaycanın müstəqil xarici siyasətinin, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinin və milli maraqlara əsaslanan tərəfdaşlıq strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Xüsusilə siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadiyyat, ticarət, investisiya və regional təhlükəsizlik sahələrində qurulan əməkdaşlıq Azərbaycan-Böyük Britaniya münasibətlərinə xüsusi məzmun qazandırmışdır.​​​​​​​​​​​Böyük Britaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş, 1992-ci il martın 11-də iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur. İkitərəfli əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya həyata keçirdiyi rəsmi səfərlər, aparılan yüksək səviyyəli görüşlər və imzalanmış mühüm sənədlər münasibətlərin möhkəm siyasi-hüquqi əsasını yaratmışdır. ​​​​​Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan-Böyük Britaniya münasibətləri daha da genişlənmiş, ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, yeni istiqamətlər üzrə də qarşılıqlı fəaliyyət güclənmişdir. Xüsusilə enerji sektorunda qurulan tərəfdaşlıq iki ölkə arasındakı iqtisadi əlaqələrin əsas sütunlarından birinə çevrilmişdir. Böyük Britaniya şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda iştirakı, ölkəmizin enerji infrastrukturuna yatırılan investisiyalar və həyata keçirilən beynəlxalq enerji layihələri Azərbaycanın dünya enerji bazarında mövqeyinin möhkəmlənməsinə töhfə vermişdir. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrin institusional əsaslarını daha da gücləndirmişdir.​​​Bu münasibətlərin inkişafında yeni və mühüm mərhələ 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması olmuşdur. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış münasibətlərin məzmun və mahiyyət etibarilə yeni səviyyəyə yüksəldilməsini rəsmiləşdirir, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanan tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir.​İki ölkə arasında strateji tərəfdaşlığın digər mühüm istiqamətini ticarət, investisiya və iqtisadi inkişaf sahəsində əməkdaşlıq təşkil edir. Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi əlaqələrin şaxələndirilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi dövlətlərarası tərəfdaşlığın dayanıqlılığını müəyyən edən əsas amillərdəndir. Birgə Bəyannamədə də iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki ölkənin uzunmüddətli sabitliyi və rifahı üçün vacib olduğu vurğulanır. Tərəflər bərpaolunan enerji, infrastruktur və xidmətlər daxil olmaqla prioritet sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulmasını, biznes dairələri arasında əlaqələrin genişləndirilməsini, yeni iş yerlərinin və iqtisadi dəyərin yaradılmasını təşviq etməyi qarşıya məqsəd qoyurlar.​​​​​​Bu kontekstdə Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit imkanları xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşaqlarından biri olan ölkəmiz Orta Dəhlizin inkişafında strateji rol oynayır. Bəyannamədə Orta Dəhlizin inkişafının dəstəklənməsi, nəqliyyat, logistika və infrastruktur layihələri vasitəsilə regional və beynəlxalq bağlantıların genişləndirilməsi xüsusi qeyd olunur. Bu əməkdaşlıq Azərbaycanın tranzit potensialının daha səmərəli reallaşdırılması, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və ölkəmizin regional iqtisadi mərkəz kimi mövqeyinin möhkəmlənməsi üçün yeni imkanlar yaradır.​​​​​​​Birgə Bəyannamənin mühüm cəhətlərindən biri də onun yalnız siyasi niyyətləri bəyan edən sənəd kimi deyil, konkret əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsinə xidmət edən praktiki çərçivə kimi nəzərdə tutulmasıdır. Sənəddə tərəfdaşlığın məqsədlərinə uyğun layihə və proqramların dəstəklənməsi, eləcə də əməkdaşlığın davamlılığının təmin edilməsi məsələləri əksini tapmışdır. Bu yanaşma qarşılıqlı münasibətlərin yalnız rəsmi görüşlər və diplomatik təmaslarla məhdudlaşmamasına, real iqtisadi, sosial və institusional nəticələrə yönəlməsinə imkan yaradır.​​​Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsi və qlobal əməkdaşlıq sistemində mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan bu gün Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin inkişafında fəal iştirak edir, regional təhlükəsizlik və sabitliyin təmin olunmasına öz töhfəsini verir. Böyük Britaniya ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması isə bu imkanların daha geniş beynəlxalq əməkdaşlıq müstəvisində reallaşdırılmasına şərait yaradır.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bütün xəbərlər Facebook səhifəmizdə