“Soyuq hava astma xəstələrinə mənfi təsir göstərə bilər” - HƏKİM DANIŞDI

“Soyuq hava astma xəstələrinə mənfi təsir göstərə bilər” - HƏKİM DANIŞDI

Havanın temperaturunun aşağı düşməsi və soyuq küləklərin güclənməsi tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün əlavə risklər yaradır. Xüsusilə astma xəstələri soyuq havalarda daha diqqətli olmalıdırlar. Çünki soyuq hava tənəffüs yollarına təsir göstərərək bronxların daralmasına, nəfəsalmanın çətinləşməsinə və xəstəliyin əlamətlərinin kəskinləşməsinə səbəb ola bilər.

Bu sözləri SİA-ya hepatoloq Sevinc Abasova deyib.

O bildirib ki, soyuq hava astma xəstələrinə mənfi təsir göstərə bilər:

“Belə havalarda bronxlarda daralma müşahidə oluna, nəticədə tənəffüs çətinləşə bilər. Bundan əlavə, soyuqlama və kəskin respirator infeksiyalar da astma xəstələri üçün risk yaradır. Bu infeksiyalar orqanizmdə iltihabi prosesləri gücləndirərək tənəffüs yollarının daha həssas olmasına səbəb ola bilər. Nəticədə astmalı insanlarda öskürək, xırıltılı nəfəsalma, sinədə sıxılma və nəfəs darlığı kimi əlamətlər arta, xəstəlik kəskinləşə bilər.

Xüsusilə güclü küləkli və şaxtalı havalarda astma xəstələrinin uzun müddət açıq havada qalması tövsiyə olunmur. Belə şəxslər soyuq havada ağız və burun nahiyəsini şərflə örtməli, mümkün qədər burunla nəfəs almalı və həkimin təyin etdiyi müalicə planına əməl etməlidirlər. Həmçinin təyin olunmuş inhalyatorları yanında saxlamaq vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə