Azay Quliyev hökumətə “Gənclər Evi” və kooperativ binalarla bağlı təkliflər verib

Azay Quliyev hökumətə “Gənclər Evi” və kooperativ binalarla bağlı təkliflər verib

Deputat Azay Quliyev ölkədə fəaliyyət göstərən “Gənclər Evi”nin maliyyələşdirilməsinə yenidən baxılmasını, eləcə də Bakı şəhərində sovet dövründə tikilmiş kooperativ binaların təmiri üçün maliyyə dəstəyinin göstərilməsini təklif edib.

SİA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Azay Quliyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən 35 “Gənclər Evi”nin xaricdən idxal olunan ideoloji təhlükələrə və müdaxilələrə adekvat cavab verməsi, fəaliyyətinin yenidən qurulması vacibdir.

Deputat qeyd edib ki, bu məqsədlə həmin müəssisələrə ayrılan illik 5,3 milyon manatlıq büdcəyə yenidən baxılmalıdır. Onun sözlərinə görə, milli birliyin, dövlətçilik maraqlarının qorunması, yeniyetmə və gənclərin ideoloji təhlükələrdən müdafiəsi baxımından bu qurumların fəaliyyəti gücləndirilməlidir.

A.Quliyev ikinci təklifinin Bakı şəhərində sovet dövründə inşa edilmiş kooperativ binalarla bağlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində dövlət balansında olan yaşayış binalarının dam örtüklərinin, fasadlarının və pilləkən qəfəslərinin təmiri üçün 60 milyon manat vəsait nəzərdə tutulub.

Deputatın sözlərinə görə, kooperativ binalar dövlət balansında olmadığı üçün onların təmiri dövlət dəstəyindən kənarda qalır və bu məsuliyyət sakinlərin üzərinə düşür.

O, problemin həlli üçün iki variant təklif edib: həmin binaların dövlət balansına keçirilməsi və ya onların təmiri üçün birdəfəlik maliyyə vəsaitinin ayrılması. İkinci variantın tətbiqi zamanı təmirdən sonra binaların saxlanılması məsuliyyətinin sakinlərə verilməsi mümkündür.

A.Quliyev hər iki təklifin böyük maliyyə vəsaiti tələb etmədiyini vurğulayaraq hökumətdən məsələlərə baxılmasını xahiş edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə