"Azərbaycanın enerji potensialı və Orta Dəhliz Avropa ilə münasibətlərdə strateji əhəmiyyətini artırır" - POLİTOLOQ
"Həm enerji təhlükəsizliyi, həm ənənəvi enerji resursları, həm bərpaolunan enerji, həm də Orta Dəhliz Azərbaycan-Avropa münasibətlərinin bugünkü gündəmində əsas yer tutan məsələlərdir".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablıdeyib.

Onun sözlərinə görə, ənənəvi enerji resursları hələ də öz aktuallığını qoruyur. Bərpaolunan enerji tədricən gündəmə gəlsə və öz yerini tutmağa başlasa da, hələlik ənənəvi enerjini əvəz edəcək səviyyədə deyil:
"Bu səbəbdən ənənəvi enerji resurslarına olan tələbat da əsas prioritetlərdən biri olaraq qalır. İran ətrafında baş verən hadisələr, eyni zamanda, beş ilə yaxındır Ukraynada davam edən müharibə və Avropanın Rusiyaya qarşı kütləvi sanksiyalar tətbiq etməsi kimi amillər bu gün Avropanın enerji təhlükəsizliyini ciddi risklərlə üz-üzə qoyub. Hətta bəzi məlumatlar yayılır ki, Avropanın enerji üzrə strateji ehtiyatları müharibələrdən əvvəlki doluluq səviyyəsində deyil və bir sıra hallarda həmin strateji ehtiyatlardan istifadə olunur. Bu isə hələ sərt qış ayları başlamadığı bir vaxtda ciddi çağırış formalaşdırır.
Bu nöqtədə Azərbaycan Avropa üçün həm öz enerji ehtiyatları, həm də tranzit ölkə kimi Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınması baxımından çox etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan Avropa dövlətləri ilə münasibətlərinə bu baxımdan xüsusi önəm verir. Bu alternativ hazırda Avropa üçün də həyati əhəmiyyət daşıyan məsələlərdən birinə çevrilməkdədir.
Eyni zamanda, Azərbaycanın bərpaolunan enerjiyə vaxtında yatırdığı investisiyalar və bu istiqamətdə görülən işlər bu gün öz bəhrəsini verməkdədir. Xüsusilə Qarabağda işğaldan sonra həyata keçirilən yenidənqurma fəaliyyətləri çərçivəsində yaşıl enerji və bərpaolunan enerji istiqamətində çox ciddi layihələrin icra olunduğunun şahidi oluruq. Bu da gələcəkdə Avropanın bütün problemlərini tam həll etməsə belə, müəyyən hissəsinin aradan qaldırılmasında və ayrı-ayrı Avropa dövlətlərinin enerji təminatında effektiv alternativə çevrilə bilər.
Təbii ki, Azərbaycan da bu gün öz potensialını yüksək qiymətləndirir və hər keçən gün bu istiqamətdə daha çox iş görülür. Bu gün əldə etdiyimiz alternativ enerji potensialı beş-on il sonra daha da artacaq. Miqyas genişləndikcə bu enerjinin xaricə ixracı da artacaq. Böyük ehtimalla, əsas bazarlar yenə də Avropa bazarları olacaq. Çünki həmin bazarlarda tələbat daha yüksəkdir. Azərbaycanın strateji gündəliyində Avropanın enerji təhlükəsizliyində aktiv rol oynamaq bu gün də real hədəfdir və gələcəkdə də öz aktuallığını qoruyub saxlayacaq.
Orta Dəhlizə gəldikdə isə bu marşrut haqqında həm Azərbaycan mediasında, həm də dünya mediasında çox danışılır. Məlum olduğu kimi, bu gün baş verən hadisələr və münaqişələrin daha da kəskinləşməsi, xüsusilə dəniz nəqliyyatında, daha geniş mənada isə su nəqliyyatında problemlərin yaranması bu marşrutun əhəmiyyətini artırır. Pirat hücumları, boğazların bağlanması, gəmilərin müharibə və digər silahlı risklərlə üzləşməsi nəticəsində su nəqliyyatının zəiflədiyi bir dövrdə quru nəqliyyatının fəallığının artması Orta Dəhlizi Şərq-Qərb ticarəti üçün çox faydalı alternativə çevirir. Bu reallıq fonunda Orta Dəhlizin aktuallığı hər keçən gün daha da artır.
Azərbaycan Orta Dəhlizin ən mühüm və əsas həlqələrindən biridir. Çünki Rusiya və İran reallıqları fonunda Cənubi Qafqaz üzərindən Azərbaycan vasitəsilə yeni bir qapı açılır. Bu qapı Şərqlə Qərbi təhlükəsiz, etibarlı və problemsiz şəkildə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün bu reallıqları nəzərə alaraq demək mümkündür ki, Azərbaycanla Avropa arasında əməkdaşlıqda istər ənənəvi enerji, istər yeni enerji mənbəyi hesab olunan bərpaolunan enerji, istərsə də Orta Dəhliz öz aktuallığını daha da artıracaq və ikitərəfli münasibətlərin əsas prioritetlərinə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB