“Büdcə sistemi haqqında qanunun yenilənməsinə ehtiyac var” - Vüqar Gülməmmədov
Büdcə münasibətlərinin müxtəlif hüquqi aktlarla tənzimlənməsi praktikada müəyyən ziddiyyətlər yaradır. Bu baxımdan büdcə prosesinin vahid hüquqi sənəddə təsbit edilməsi, başqa sözlə, büdcə məcəlləsinin hazırlanması məqsədəuyğun olardı.
SİA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, “Büdcə sistemi haqqında” qanunun müasir iqtisadi çağırışlara uyğunlaşdırılması zəruridir. Xüsusilə Milli Məclisə təqdim edilən maliyyə sənədlərinin siyahısını tənzimləyən müvafiq maddələrin rəqəmsal idarəetmənin tələblərinə uyğun təkmilləşdirilməsinə ehtiyac var.
Palata sədri qeyd edib ki, 2027-ci ilin büdcə zərfində büdcə-vergi siyasətinin əsas istiqamətləri və orta müddətli dövr üzrə hədəf göstəriciləri əks olunub. Yeni istiqamətlər sırasında dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, təmiz ətraf mühit və yaşıl artımın təmin olunması, süni intellekt və rəqəmsallaşma vasitəsilə dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi xüsusi yer tutur.
V.Gülməmmədov vurğulayıb ki, məqsədli büdcə fondlarının ləğvindən sonra əvvəlki fondların gəlir mənbələri ilə müvafiq sahələr üzrə xərc istiqamətləri arasında əlaqənin qorunması vacibdir. Bu baxımdan ekoloji ödənişlərin ekoloji vergi növü kimi dövlət vergi xidməti vasitəsilə vahid mexanizm çərçivəsində toplanması təklif olunur.
O əlavə edib ki, qeyri-neft-qaz gəlirləri hesabına cari xərclərin qarşılanması hədəfi müsbət qiymətləndirilsə də, cari xərclərin artım tempinə büdcə qaydalarında məhdudiyyət müəyyən edilməsi məqsədəuyğun olardı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB