"YAP-ın keçdiyi tarixi yol müstəqil Azərbaycanın inkişaf mərhələləri ilə bağlıdır" - POLİTOLOQ
"Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü ölkəmizin müasir siyasi tarixində mühüm hadisələrdən biridir. 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası Azərbaycanın son dərəcə mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi bir dövrdə meydana çıxdı".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, həmin illərdə ölkədə siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi tənəzzül və ərazi bütövlüyünə qarşı ciddi təhdidlər mövcud idi. Belə bir şəraitdə YAP-ın yaranması yalnız yeni siyasi təşkilatın təsis edilməsi deyil, həm də dövlətçilik ənənələrinin qorunması, milli birliyin təmin edilməsi və ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli siyasi hadisə idi:
"Partiyanın yaranmasından bir neçə ay sonra Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və genişmiqyaslı islahatların həyata keçirilməsi istiqamətində yeni mərhələ başlandı. Bu baxımdan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol müstəqil Azərbaycan dövlətinin siyasi inkişaf mərhələləri ilə sıx bağlıdır.
Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin siyasi həyatında aparıcı mövqeyini qoruyub saxlayır. Son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakı, regional diplomatiyada artan fəallığı və xüsusilə ərazi bütövlüyünün və suverenliyinin bərpası hakim partiyanın siyasi fəaliyyətinin qiymətləndirildiyi əsas istiqamətlərdəndir. Eyni zamanda, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət idarəçiliyinin müasirləşdirilməsi, rəqəmsal transformasiya və işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini təşkil edir. Burada mühüm məqamlardan biri də YAP-ın yalnız tarixi siyasi irsi davam etdirməsi deyil, dəyişən regional və qlobal reallıqlara uyğun olaraq öz fəaliyyətini yeniləməsidir. Xüsusilə gənclərin siyasi proseslərdə iştirakının genişləndirilməsi, müasir idarəçilik yanaşmalarının təşviqi və ictimai-siyasi dialoqun gücləndirilməsi partiyanın gələcək fəaliyyəti baxımından əhəmiyyət daşıyır. Hesab edirəm ki, 34 illik yubiley həm keçilən siyasi yolun qiymətləndirilməsi, həm də Azərbaycanın qarşıdakı strateji inkişaf hədəflərində Yeni Azərbaycan Partiyasının rolunun müəyyənləşdirilməsi üçün mühüm fürsətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB