Bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ necə əldə edilir? -HÜQUQŞÜNAS DANIŞDI
"Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur".
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 2-ci bəndində bələdiyyə torpaqlarının ayrılması qaydası müəyyən edilib.
Həmin qaydaya əsasən, bələdiyyələr öz ərazilərindəki bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli, çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə, Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə torpaq sahələri ayırırlar. Həmçinin bələdiyyələr öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün də torpaq sahələri ayıra bilərlər.
Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər.
Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandıqda, yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədilə ərazinin yerquruluşu-təsərrüfat planı və yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər.
Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, bələdiyyələr milli qanunvericilik əsasında təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bələdiyyələrin ehtiyat fonduna aid olan aşağıdakı torpaqlar xüsusi mülkiyyətə verilə bilər: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, həmçinin kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.
Bələdiyyələr 2007-ci il dekabrın 1-dən etibarən öz qərarları ilə torpaq alqı-satqısı həyata keçirə bilməzlər. Belə ki, həmin tarixdən qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi nəzərdə tutulur.
“Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 dekabr 2008-ci il tarixdə qüvvəyə minmiş Qanunla bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda, ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarını yalnız açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edə bilməsi yeni qayda kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutulur.
Bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri, habelə satışa çıxarılan torpaq sahələri barədə əhalini əvvəlcədən məlumatlandırmalıdırlar. Bu məqsədlə torpaqların ölçüləri, təyinatı, qiyməti və yerləşdiyi yer göstərilməklə elanlar verilməlidir. Həmçinin bələdiyyələr ildə bir dəfə torpaqların dövriyyəsi və istifadəsi barədə əhaliyə məlumat verməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB