Küləkli və soyuq havalarda uşaqlarda qulaq ağrısı şikayətlərinə daha çox rast gəlinsə də, küləyin birbaşa qulaq iltihabına səbəb olduğunu demək düzgün deyil. Külək və soyuq hava qulaq nahiyəsində narahatlıq, ağrı və həssaslıq yarada bilər.
Bu sözləri SİA-ya pediatr Səbinə Məmmədova deyib.
O bildirib ki, lakin orta qulaq iltihabı, əsasən, yuxarı tənəffüs yollarının virus infeksiyaları zamanı burun-udlaq və orta qulaq arasında əlaqə yaradan Evstaxi borusunun funksiyasının pozulması nəticəsində inkişaf edir. Bu zaman orta qulaqda maye toplanması və sonradan infeksiyanın qoşulması mümkündür:
“Xüsusilə körpələr və kiçik yaşlı uşaqlar qulaq iltihabına daha meyillidirlər. Çünki onların Evstaxi borusu anatomik olaraq daha qısa və üfüqi yerləşir. Tez-tez təkrarlanan respirator infeksiyalar, kollektiv mühit, passiv siqaret tüstüsünə məruz qalma və ana südü ilə qidalanmanın erkən dayandırılması da risk faktorları sırasındadır.
Xüsusilə körpələr və kiçik yaşlı uşaqlar qulaq iltihabına daha meyillidirlər. Çünki onların Evstaxi borusu anatomik olaraq daha qısa və üfüqi yerləşir. Tez-tez təkrarlanan respirator infeksiyalar, kollektiv mühit, passiv siqaret tüstüsünə məruz qalma və ana südü ilə qidalanmanın erkən dayandırılması da risk faktorları sırasındadır.
Valideynlər küləkli havalarda uşaqların geyiminə diqqət etməli, qulaq nahiyəsini soyuqdan qorumalı, lakin bunu qulaq iltihabının qarşısını alan əsas tədbir kimi qəbul etməməlidirlər. Burun tutulması və respirator infeksiyalar zamanı uşağın vəziyyətini izləmək, burun gigiyenasına riayət etmək və otağın havasını mütəmadi dəyişmək vacibdir.
Qulaq ağrısı, hərarət, narahatlıq, gecələr yuxudan oyanma, eşitmənin zəifləməsi və qulaqdan axıntı kimi əlamətlərə diqqət yetirilməlidir. Xüsusilə körpələrdə səbəbsiz ağlama, qidalanmadan imtina və qulağa toxunarkən narahatlıq da qulaq problemi ilə əlaqəli ola bilər.
Qulaq ağrısı müşahidə edildikdə uşağın mütləq pediatr və ya LOR həkimi tərəfindən müayinə olunması tövsiyə edilir. Həkim müayinəsi olmadan qulağa spirt, yağ, müxtəlif bitki məhlulları və ya digər vasitələr damızdırmaq olmaz. Antibiotiklər də yalnız bakterial infeksiya ehtimalı və klinik göstərişlər nəzərə alınaraq həkim tərəfindən təyin edilməlidir.
Əsas məqam budur ki, küləkdən qorunmaq uşağın rahatlığı üçün vacib olsa da, qulaq iltihabının profilaktikası yalnız qulağı isti saxlamaqdan ibarət deyil. Respirator infeksiyaların qarşısının alınması, peyvənd təqviminə əməl edilməsi, passiv siqaret tüstüsündən uzaq mühit və vaxtında tibbi müayinə uşaqların qulaq sağlamlığının qorunmasında mühüm rol oynayır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB