"Qrip virusları tənəffüs zamanı havaya yayılan hissəciklər vasitəsilə ötürülə bilər" - TERAPEVT
"Payız və qış aylarında əhali arasında mövsümi xəstəliklərin, xüsusilə də virus infeksiyalarının artması müşahidə olunur. Bu, hər il qeydə alınan haldır. Havaların soyuması, insanların qapalı məkanlarda daha sıx toplaşması, yaxın təmasların artması, orta məktəblərdə və universitetlərdə dərslərin başlaması, eləcə də ictimai yerlərdə və ictimai nəqliyyatda insanların sıx təmasda olması virusların yayılmasına şərait yaradan əsas amillərdəndir".
Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.

Onun sözlərinə görə, Avropa, Afrika və Asiya ölkələrində yayılan Omikron ştamının mutasiyaya uğramış yeni variantları ilə yanaşı, rinovirus, adenovirus və paraqrip kimi viruslar da mövsümi xəstəliklərin artmasına səbəb olur:
"Bu viruslar soyuqdəyməyə bənzər əlamətlər yaradır. Baş ağrısı, burun axması, bəzi hallarda qoxu hissinin itməsi və bədən hərarətinin yüksəlməsi ən çox rast gəlinən simptomlardandır:
"Bu əlamətlər bir çox virus infeksiyaları üçün ortaq olduğundan, bəzən yalnız simptomlara əsaslanaraq xəstəliyin hansı virus tərəfindən törədildiyini dəqiq müəyyənləşdirmək mümkün olmur. Buna görə də düzgün diaqnozun qoyulması və müvafiq müalicənin seçilməsi vacibdir. Antivirus müalicəsi isə yalnız virusun növü və xəstənin vəziyyəti nəzərə alınmaqla həkim tərəfindən təyin edilməlidir.
Azərbaycanda mövsümi virus infeksiyalarının yayılması, əsasən, oktyabr ayının ortalarından başlayır və dekabrın sonunadək davam edir. Bəzi illərdə bu proses yanvar-fevral aylarına qədər uzana bilir. Yoluxmanın miqyası və xəstəliyin ağırlıq dərəcəsi havaların nə qədər soyuq keçməsindən, eləcə də insanların immun sisteminin vəziyyətindən asılı olaraq dəyişir.
Yoluxma hallarının artmasının əsas səbəblərindən biri də havalandırma sistemi zəif olan qapalı məkanlardır. Viruslar tənəffüs zamanı havaya yayılan hissəciklər vasitəsilə ötürülə bilər. İnsanlar belə məkanlarda eyni havanı tənəffüs etdikdə yoluxma riski artır. Nəticədə virus infeksiyalarının yayılma dinamikasında yüksəlmə müşahidə olunur.
Azərbaycanda da mövsümi qripin yayılması, əsasən, oktyabr ayından etibarən başlayır. Peyvəndləmə tədbirlərinə baxmayaraq, yoluxma hallarına yenə də rast gəlinir. Qripə qarşı peyvənd bir çox hallarda xəstəliyin ağırlaşma riskini və fəsadlarını azaltsa da, yoluxma ehtimalını tamamilə aradan qaldırmır" .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB