COP31: Azərbaycanın iqlim diplomatiyasında rolu və Türkiyə ilə strateji tərəfdaşlığı - DEPUTAT

COP31: Azərbaycanın iqlim diplomatiyasında rolu və Türkiyə ilə strateji tərəfdaşlığı - DEPUTAT

"Türkiyədə Antalyada COP31 sessiyası öz işinə başlayıb. Bu mötəbər tədbirdə Azərbaycan Prezidenti də iştirak etdi. Azərbaycan üçün bu tədbir yad tədbir deyil. Ümumiyyətlə COP tədbirlərinin keçirilməsində ən uğurlu COP29 tədbiri keçirdik".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə,ilk dəfə olaraq COP29 tədbirində müvafiq maliyyə fondunun 300 milyarda qədər vəsaitin ayrılması dünyada qlobal istiləşmə ilə mübarizənin aparılması kimi təşəbbüs irəli sürüldü və bu təşəbbüs məhz azərbaycanın sədrliyi dövründə COP tarixinə düşmüş çox önəmli bir təşəbbüs oldu:

"Ümumiyyətlə, bu BMT-nin İqlim Dəyişikliyi üzrə önəmli bir çərçivəsidir. Tədbirlər keçirilir hər il və Azərbaycan bir növ COP29-a sədrliyi ilə bu tədbirlərə əlavə dinamika gətirdi, yeni bir nəfəs qatdı.

Ölkəmiz bu tədbirdə həm də cənab Prezidentin liderliyi ilə iştirak etdi. COP31 çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlverişli şərait yarandı.

Antalya, bildiyimiz kimi, beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən biridir. Hər il burada Antalya Diplomatiya Forumu keçirilir. Bu dəfə isə şəhər COP31 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir.

Hazırda dünya, xüsusilə də regionumuz, müxtəlif geosiyasi və iqtisadi təhdidlər, eləcə də qlobal çağırışlarla üz-üzədir. Belə bir şəraitdə Azərbaycan-Türkiyə müttəfiqliyi və iki ölkə arasındakı münasibətlər öz əhəmiyyətini bir daha nümayiş etdirdi . İki dövlətin əməkdaşlığı təkcə ikitərəfli münasibətlər baxımından deyil, beynəlxalq platformalarda ortaq mövqelərin ifadə olunması baxımından da mühüm rol oynayır.

COP tədbirlərinin Azərbaycan, Braziliya və Türkiyədə ardıcıl olaraq keçirilməsi də diqqətəlayiq məqamdır. COP29 Azərbaycanda, COP30 Braziliyada, COP31 isə Türkiyədə keçirildi. Bu ardıcıllıq iki qardaş ölkənin — Azərbaycan və Türkiyənin — qlobal iqlim gündəliyində fəal iştirakını və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri göstərir.

Azərbaycan Prezidentinin COP31-də yüksək səviyyədə təmsil olunması ölkəmizin bundan sonra da BMT-nin iqlim gündəliyində fəal rol oynamaq niyyətini nümayiş etdirir. Ümid edirik ki, COP29-da razılaşdırılmış iqlim maliyyələşdirilməsi hədəflərinin həyata keçirilməsi və müvafiq maliyyə mexanizmlərinin işlək vəziyyətə gətirilməsi istiqamətində COP31 çərçivəsində də mühüm irəliləyişlər əldə olunacaq.

Bütün bunlarla yanaşı, COP31 Azərbaycan üçün yeni siyasi və iqtisadi tərəfdaşlıqların qurulması baxımından da mühüm imkanlar yaradır. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra regionda formalaşan yeni reallıqlar Azərbaycanın beynəlxalq mövqeyini və diplomatik imkanlarını genişləndirib.

Son illərin təcrübəsinə nəzər saldıqda, Azərbaycanın və ölkə Prezidentinin beynəlxalq diplomatik proseslərdə iştirakının, qlobal siyasi gündəliyə verdiyi töhfələrin artdığını görürük. Bu proses Azərbaycanın yalnız regional deyil, daha geniş miqyasda öz mövqeyini ifadə edən, beynəlxalq məsələlərin müzakirəsində fəal iştirak edən orta güc mərkəzlərindən biri kimi formalaşmasına şərait yaradır.

COP31-də iştirak da Azərbaycanın beynəlxalq nüfuzunu, diplomatik imkanlarını və qlobal əməkdaşlıq platformalarındakı rolunu nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə