“2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetlərini əks etdirir“ - MUSA QASIMLI

“2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetlərini əks etdirir“ - MUSA QASIMLI

Gəlirləri 39 milyard 254 milyon manat, ümumi xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulan büdcə layihəsində ölkənin təhlükəsizlik, müdafiə və sosial-iqtisadi inkişaf prioritetləri uğurla əlaqələndirilib.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Qasımlı Milli Məclisin komitə iclasında deyib. O , 2027-ci ilin dövlət büdcəsi layihəsi mükəmməl hazırlandığını və qarşıya qoyulan məqsədlərin real əsaslara söykəndiyini bildirib.

Deputat qeyd edib ki, müəyyənləşdirilmiş vəzifələr aydın və konkretdir, onların həyata keçirilməsi isə real imkanlara əsaslanır.

Musa Qasımlı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin dövlətin düzgün maliyyə-iqtisadi siyasətinin nəticəsi olduğunu vurğulayıb.

O bildirib ki, həmin ərazilərin minalardan təmizlənməsi, dövlət büdcəsi hesabına infrastrukturun qurulması, müasir yaşayış evlərinin tikilməsi, yeni iş yerlərinin açılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi sistemli şəkildə həyata keçirilir.

Deputatın sözlərinə görə, qısa müddətdə təxminən 100 min nəfərədək keçmiş məcburi köçkünün müasir yaşayış evlərinə köçürülməsi Azərbaycanın iqtisadi imkanlarını və quruculuq potensialını nümayiş etdirir.

Musa Qasımlı diqqətə çatdırıb ki, təhlükəsizliyin, müdafiənin və sabitliyin etibarlı qorunması bütün sahələrdə, o cümlədən sosial-iqtisadi istiqamətdə inkişafın əsas şərtidir. Eyni zamanda, sosial-iqtisadi inkişafın özü də təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Deputat əminliyini ifadə edib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinin qəbulu və uğurla icrası Azərbaycanın bütün sahələrdə qüdrətini daha da artıracaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə