Siyasi anlaşma, enerji təhlükəsizliyi və Azərbaycanın strateji mövqeyi
İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısı qitənin geosiyasi gündəliyinin mərkəzində dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu nüfuzlu sammitdə iştirakı təkcə ölkəmizin Avropa məkanındakı yüksək nüfuzunun göstəricisi deyil, həm də Cənubi Qafqazın təhlükəsizliyi, enerji dialoqu və nəqliyyat inteqrasiyası baxımından mühüm siyasi mesajdır.
Avropanın 40-dan çox dövlət və hökumət başçısını eyni masa arxasında birləşdirən Avropa Siyasi Birliyi yaranmasından ötən qısa müddət ərzində qitənin ən çevik diplomatik koordinasiya mərkəzinə çevrilib. Dublin toplantısı isə qlobal güclər arasında gərginliyin artdığı, təhlükəsizlik çağırışlarının dəyişdiyi bir dövrdə Avropanın gələcək konturlarını müəyyənləşdirmək baxımından xüsusi çəkiyə malikdir.

2022-ci ildə Avropada kəskinləşən təhlükəsizlik böhranı fonunda təsis edilən Avropa Siyasi Birliyi (European Political Community) ənənəvi bürokratik institutlardan fərqli bir model üzərində qurulub. Bu platformanın əsas fəlsəfəsi Avropa İttifaqının (Aİ) üzvü olan və olmayan, lakin vahid Avropa coğrafiyası və təhlükəsizlik məkanına daxil olan ölkələri bərabərhüquqlu dialoq müstəvisində birləşdirməkdir.
ASB-nin oynadığı əsas rolları üç strateji istiqamətdə xarakterizə etmək olar. Birincisi, bürokratiyadan uzaq çevik diplomatiya, Avropa İttifaqına üzvlük prosedurlarının onilliklərlə çəkdiyi bir şəraitdə ASB liderlərə heç bir ilkin şərt və ya ağır institusional öhdəlik olmadan birbaşa təmas qurmaq imkanı verir.
İkincisi, vahid təhlükəsizlik və enerji məkanı, qitənin enerji təchizatının şaxələndirilməsi, kritik infrastrukturun qorunması və kibertəhlükəsizlik məsələləri yalnız Aİ sərhədləri daxilində həll edilə bilməz. ASB bu məsələlərdə bütöv qitə miqyasında sinxronlaşmanı təmin edir.
Üçüncüsü, siyasi anlaşma və böhranların idarə olunması, Sammit çərçivəsində keçirilən ikitərəfli və dördtərəfli qeyri-rəsmi görüşlər regionlardakı münaqişələrin tənzimlənməsi və etimad mühitinin bərpası üçün unikal diplomatik meydança yaradır.
Üzv ölkələr üçün perspektivlər və strateji üstünlüklər
Avropa Siyasi Birliyi həm Aİ daxilindəki nəhəng dövlətlər, həm də qitənin periferiyasında yerləşən, lakin strateji əhəmiyyəti artan ölkələr üçün qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri açır. Əməkdaşlıq sahəsində təhlükəsizlik və müdafiə (yəni hibrid təhdidlərə qarşı birgə mübarizə, sərhəd təhlükəsizliyi, miqrasiya axınlarının tənzimlənməsi və regional sabitliyin qorunması), enerji və yaşıl keçid (Alternativ enerji marşrutlarının inkişafı, bərpaolunan enerji layihələrinə investisiya cəlbi və enerji böhranlarına qarşı kollektiv dayanıqlılıq), nəqliyyat və bağlantılar (Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inteqrasiyası, rəqəmsal infrastrukturun genişləndirilməsi və ticarət maneələrinin azaldılması), siyasi dialoq (Kiçik və orta dövlətlərin qlobal gündəliyə öz milli maraqlarını birbaşa çatdırması və böyük güclərlə bərabərhüquqlu müzakirə aparması) üzv ölkələr üçün yaradılan imkanlardır.
Prezident İlham Əliyevin Dublində keçirilən 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasətinin növbəti təntənəsidir. Bu gün rəsmi Bakı Avropa məkanı üçün sadəcə enerji tədarükçüsü deyil, həm də Cənubi Qafqazda sülhün əsas təminatçısı və Avrasiyanın mühüm logistika habıdır.
Avropanın enerji xəritəsinin yenidən cızıldığı müasir dövrdə Azərbaycanın Cənub Qaz Dəhlizi və Xəzər-Qara dəniz-Avropa "Yaşıl Enerji" kabeli layihələri qitənin enerji dayanıqlığının təməl daşlarından birinə çevrilib. Dublin sammiti bu layihələrin siyasi dəstəyinin möhkəmləndirilməsi baxımından mühüm platformadır.
Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və regional kommunikasiyaların açılmasının Avropa bazarları üçün həyati əhəmiyyəti artmaqdadır. Azərbaycan bu nəqliyyat arxitekturasının mərkəzi oyunçusu kimi Avropa liderləri ilə birbaşa dialoq aparır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda davamlı sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edir. Avropa Siyasi Birliyinin əvvəlki sammitlərində (Praqa, Kişinyov, Qranada, Oksford və s.) olduğu kimi, Dublin toplantısı da rəsmi Bakının ədalətli mövqeyinin və regional əməkdaşlıq baxışlarının Avropa ictimaiyyətinə birbaşa çatdırılmasına xidmət edir.
Görüşlər və fikir mübadilələri
İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib. İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşılayıb.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Ukrayna Prezidenti dövlətimizin başçısını Zəfər Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib. Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlanıb. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparılıb.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olunub, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirilib. Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb. Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxundu və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib. Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Dublində keçirilən 9-cu Zirvə Toplantısı bir daha təsdiqləyir ki, müasir dünyada təhlükəsizlik bölünməzdir və qitənin sabitliyi sərhədlərin kənarındakı etibarlı tərəfdaşlarla qurulmuş düzgün dialoqdan asılıdır. Avropa Siyasi Birliyi qitə ölkələri arasında siyasi anlaşmanı dərinləşdirən, qarşılıqlı etimadı gücləndirən effektiv bir mexanizm kimi formalaşıb. Azərbaycan isə öz iqtisadi qüdrəti, hərbi-siyasi çəkisi və qlobal təşəbbüsləri ilə bu nəhəng Avropa ailəsində söz sahibi olan, etibarlı və strateji tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB