"İqlim dəyişmələri bu gün bəşəriyyətin qarşısında dayanan ən ciddi qlobal çağırışlardan biridir. Ekoloji tarazlığın qorunması, iqlim böhranının fəsadlarının azaldılması və gələcək nəsillər üçün təhlükəsiz mühitin təmin olunması beynəlxalq həmrəyliyi və birgə səyləri zəruri edir. Bu baxımdan, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları qlobal iqlim siyasətinin formalaşdırılmasında mühüm platforma rolunu oynayır".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, bugünlər Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) keçirilir:
"Azərbaycan Prezidenti İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfər edib. Tədbirdə dünyanın bir çox liderləri iştirak edir. Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib ki, iqlim ədaləti qarşıdakı onilliyin əsas çağırışıdır. Liderlər Sammitinə ev sahibliyi edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında iqlim sammitlərinin təşkilində təcrübəsini bölüşdüyünə görə Azərbaycana təşəkkür edib. Həqiqətən də, Azərbaycan bu sahədə böyük təcrübəyə sahibdir. Məlumdur ki, 2024-cü ilin 11-23 noyabr tarxilərində ölkəmizdə COP29 keçirildi. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu tədbir təşkilatçılıq baxımından ən yüksək səviyyədə oldu. COP29-da qlobal iqlim dəyişiklikləri ilə bağlı mübarizə üçün mühüm qərarlar qəbul olunub. Bakıda COP tarixində bir sıra ilklərə imza atıldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması COP-un ən böyük uğurlarından biridir. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi xüsusi məna daşıyırdı. Bu, belə bir mesaj çatdırır ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir".
Millət vəkili qeyd edib ki, Azərbaycanla Türkiyə iqlim dəyişiklikləri məsələsində həmrəylik nümayiş etdirir:
"İki qardaş ölkə bu qlobal problemin həllinə eyni mövqedən çağırış edir. Prezident İlham Əliyevin Türkiyədə keçirilən COP31-də iştirakı da bu həmrəyliyin nümunəsidir. Məlumdur ki, 8 Noyabr Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə - Qarabağa səfər edərək xalqımızın bayram sevincinə qoşuldu. Ondan cəmi iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər edərək COP31-in Liderlər Sammitində iştirak etməsi dövlətlərimiz və xalqlarımız arasında sarsılmaz qardaşlığı tərənnüm edir. Bizlər bir millətin iki dövləti olmaqla hər zaman bir-birimizin yanındayıq!” – deyə, Pərvin Kərimzadə vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB